Hə, 2010-cu ildəki sevimli makiyaj məhsullarımdan sonra indi növbə ötən ildə dərimə etdiyim qulluq zamanı sevimlimə çevrilən cicilərdədi. Hazırsınızsa, başlayaq ;)
Qısa bir ön söz deyim. Ümumiyyətlə, əgər dəri gözəl və sağlam deyilsə, ən bahalı makiyajın belə köməyi olmayacaqdır (olsa belə, uzun müddət davam etməyəcəkdir). Üzdə civzələr ola-ola ona qulluq etmədən makiyajla ört-basdır etməyə çalışmaq dərini heç cür yaxşılaşdırmır, əksinə, vəziyyətini pisləşdirə bilər. Bu məntiqlə yola çıxaraq, yeniyetməlikdən bu yana dərimin nələr çəkdiyini anladım və ona əlimdən gəldiyi qədər qulluq etməyə çalışıram.
Təmizləyici gel, losyon və tonik: 2010-cu ildə heç bir gel, losyon və ya tonik ümidlərimi doğrultmadı. Garnier-ə ümid edirdim, amma dermatoloqum yazdığı dərman preparatlarından başqa gel istifadə etməməyimi tövsiyə etdi. Odur ki, bir paket Garnier təmizləyici gel, losyon və tonikim istifadə edilmədən qalıb şkafda. Odur ki, 2010-cu ilin sevimli geli, losyonu və toniki yoxdur:D
Üz kremi: Üzüm yağlı/qarışıq tip olduğundan, nəmləndiricidən az istifadə etməyə çalışıram. Ən az gündə bir dəfə bəs edir. Hamamdan çıxandan sonra mütləq üzə nəmləndirici çəkmək lazımdır ki, hamam istiliyinin dərini qurutmasının qarşısını alsın. Bu il sevə-sevə istifadə etdiyim üz kremim Arnaud İnstitut Hydra Touch nəmləndiricisidir. Sağ olsun, İdeal mağazasının satıcısı məsləhət gördü və yaxşı da eləyib:D Bu nəmləndirici krem dərini kifayət qədər nəmləndirir; üzündə narahatedici təbəqə hissi duymursan və dərinin nəfəs aldığını hiss edirsən. Yağlı/qarışıq dərili adamları narahat edəcək qədər nəmlilik yaratmır. Keçən ilə bu kremi 15 AZN-ə almışdım, 50 ml-dir. Artıq dibinə çatmağa az qalıb:( Bakıya gedən kimi ehtiyatımı doldurmalıyam. Ya da TBS-in nəmləndiricilərini sınaqdan keçirəcəm.
Duş geli: Düzünü desəm, hamamda fərqli qoxular hiss etməyi sevirən, odur ki, sabit, daim istifadə etdiyim duş gelim yoxdur. Lakin 2010-cu ildə hansı duş geli əvəzedilməz oldu - deyə soruşsanız, TBS-in duş gellərini qeyd edərdim, xüsusilə, TBS Neroli Jasmin duş geli inanılmaz hisslə bürüyür insanı. Duşdan heç çıxmaq istəmirəm... Amma təbii ki, bu geli xüsusi günlərə saxlamışam, çünki cəmi 200 ml-di. Qənaət edirəm:D
Bədən losyonu: Əlbəttə ki, bədən baxımını da unutmaq olmaz. Keçən il ilk dəfə bədən losyonundan istifadə etməyə başladım, çünki dərimin duşdan sonra nəmə ehtiyacı olduğunu indi hiss edirəm (ya da son vaxtlar bədənimə daha çox fikir verməyə başlamışam). Hər halda, TBS-lə başladım bədən baxımında bu ilin sevimli bədən losyonu təbii ki, TBS Spiced vanilla oldu. Bir dəfə The Body Shopdan istifadə edəndən sonra çeşidli və orijinal qoxular arasında seçim etməkdə çətinlik çəkəcəksiniz, mənim kimi:D
Makiyaj təmizləyicisi: Əlbəttə ki, bir tələbənin ən yaxşı makiyaj təmizləmə dostu makiyaj təmizləmə salfetləridi:D paket-paket bitirdiyim bu salfetlərin markasına heç vaxt baxmıram:D Amma L'orealın buraxdığı Olay markalı göz makiyajı təmizləmə kremi ilə tanış olana kimi, bu salfetlərdən başqasını tanımırdım. Belə ki, nə qədər ağır makiyaj etsəm də, bu kremin bircə pırtı bəsdi ki, gözlərimi tər-təmiz etsin. Qoxusuzdur və ağ rənglidir. Tək mənfi cəhəti, gözə düşdükdə göynətməsidi, onun üçün kremi pambıqla silərkən, diqqətli olmaq lazımdır.
Depilyasiyon baxım: Yeniyetməlikdən bu yana bu tük çıxartma məsələsi bir problemdi, depilyasiyadan sonra dəriyə qulluq ayrı problem:/ İllərdir depilasiya üçün Veet kremindən istifadə edirəm və ötən il də, sadəcə, epilyasiya aləti almaqla, bir az krem alma tezliyimi azaltmış oldum, amma yenə də kremdən əl çəkə bilmirəm. Veet kreminin hər depilyasiya kremində olduğu kimi, mənfi cəhəti tükləri uzun müddət yox edə bilməməsidi. 3-4 günə tüklər əvvəlki performansına yiyələnirlər:D Veet depilyasiya zolaqları isə gözlədiyimdən yaxşı çıxdı və ilin sevimlisinə çevrildi. İstifadəsi rahat, təmizdi. Üzümdəki artıq tükləri həssas dərilər üçün olan zolaqlarla alıram və foto epilyasiyaya getməyə ehtiyac qalmır:D Aşağıda sağda gördüyünüz Veet kremi isə depilyasiyadan sonra istifadə üçündür. Qıcıqlanan, qızaran yerlərə çəkməklə, rahatlanmaq olur. 2010-un kəşfi və sevimlisi də bəhz Veet depilyasiyadan sonra baxım kremidir.
Ayaq baxımı: Yenə 2010-cu il ayağıma qulluq etməyə başladığım ilə çevrildi və Orifleymin ayaq kremi ilə ayağın da dincəlmə haqqı olduğunu anladım:D Düzdü, məndə tərləmə əleyhdarı ayaq kremidi, amma ayaqlarımı eyni zamanda, nəmləndirir. Ayaq kremində bu ilin kəşfi və sevimlisi olaraq Orifleymin tərləmə əleyhdarı ayaq kremini elan edirəm:D
Əl baxımı: Əlimə nə desəz, çəkirəm. Krem 21-dən tutmuş Garniere, Orifleymdən tutmuş TBS-ə qədər hər şey. Sabit deyiləm bu mövzuda. Əslində, əlim çox həssasdır, bir az soyuq olan kimi qızarır və qabıq verir, krem seçərkən, əslində, diqqətli olmalıyam O_o 2010-cu ildə istifadə etdiyim və "yenə də alaram" dediyim əl kremim isə The Body Shop Spiced Vanilla əl kremidi. Gözləmədiyim qədər nəmləndirir və ən vacibi, əli uzun müddət nəmli saxlayır. Bacım çox bəyəndi, ona bağışladım. Amma ümid elirəm, cicimi yenə TBS mağazalarında görə biləcəm...