Səhifələr

12/29/2010

Oriflame bazarlığı :D

Dararadaaam:D Mən gəldim, həm də nələrlə:D Niyəsə bu aralar Oriflame-ə yaman çox ilişmişəm. Bakıda demək olar ki, Oriflame-i tanımayan qadın yoxdu. Burda da ondan qaca bilmədim:D Gedib gəlib kataloqunu vərəqləyirəm. 1 ildən çoxdu ki, istifadə etmirdim, amma artan məhsul çeşidi çox xoşuma gəlir. Elə isə noyabrdan bu yana 12 və 13-cü kataloqlardan etdiyim 3-4 məhsul haqqında danışım, ilk svoçlarımı yerləşdirim:D

Ayaq kremi quru və təmiz ikən ayaqlara çəkiləndə nanə iyi ətrafı bürüyə-bürüyə yandırır ayaqları, qoxu yaranmasını ləngidir. Xoşuma gəldi bu xüsusiyyəti. Süngərlər isə adi süngərdi, heç nədən fərqi yoxdu:D

Solda gördüyünüz əcayib Oriflame tonal krem süngərlərinin yanında çəhrayı rəngli Oriflame Very Me metallik qələm kölgə, 50ml-lik Oriflame tərləmə əleyhdarı ayaq kremi, yanında 3 dənə pomada (Silky Kiss Beige Charmeuse, Power Shine Festive Golden Clover və Golden Pink) və Oriflame Very Me Double Trouble Night Glow göz qələmi)
Başlayaq, qələmlərdən. Gördüyünüz çəhrayı qələm göz kölgəsidi (?). Düzü, ilk dəfədi göz kölgəsini fırçasız, rahatlıqla dağıdıb eləmədən gözümə sürtürdüm:D nətər deyərlər, tənbəlin malıdı. Adi göz qələmi kimi çək çıx. Bunun mavi metallik olanı da var. Bu bitsin, ondan da alacam:D 13-cü kataloqda 8.90TL idi, qiyməti də uyğundu. Gələk, iki uclu qələmə. Çəkilməsi rahatdı, fərqli və ziddiyyətli baxış yaratmaq istəyənlər üçün əladı. Qiyməti 8.90 TL-di 13-cü kataloqda. Bu da svoçları (bilirəm, əyriş-üyrüşdü O_o):

Gələk, bir pomada manyakı olan mənim Oriflame seçimlərimə. Mən öldüm bu Power Shine Festive pomadalarından ötrü. Bu qədər rahat çəkilən, xoş qoxu və rəng verən pomada istifadə etməmişdim. Kefim əhvalım pozulanda çəkirəm ondan, vəssəlam:D Yemiş qoxusu çox xoşuma gəlir, rənglərini yaxşı verir və qızılı hissəcikləri var:D sanki, dodaq parıldadıcısıdı. Məndəkilər qızılı gavalı və qızılı çəhrayıdı. Bunların Power Shine adlı gümüşü hissəcikləri olan pomadaları da var, alıb baxmaq lazımdı. Amma heyif ki, ölçüləri balacadı, 1 aya qalmaz bitər məndə:( Mən aldıqlarımın qiyməti isə 13-cü kataloqda 8.90TL. Silky Kiss pomadası isə elə də xoşuma gəlmədi. Düzü, məndə yaxşı qalmır, otaqdakı qızların isə ürəyi gedir o pomadadan ötrü. Deməli, dodaqdan dodağa dəyişir görünüşü. Rəngi yaxşı verir, amma deyəsən, bu rəng mənə yaraşmır:D Qiyməti 13-cü kataloqda 13.90TL. Şəkillərdə soldan sağa Silky Kiss, Power Shine Festive Golden Pink, Power Shine Festive Golden Plum,  pomadaları və svoçlarıdı.





Diqqət! Bu göstərdiyim məhsullar Oriflame Türkiyə kataloqlarından alınmışdır. Buradan baxa bilərsiniz. Azərbaycan Oriflame kataloquna da internet səhifəsindən baxa bilərsiniz. Xoş bazarlıq diləyirəm;)

12/24/2010

G Lounge: Gizemdən Yeni İl Hədiyyəsi!!! (Sona çatdı!)

Əziz oxucular, gözəl hədiyyələri görüb dayana bilmədim:D siz də modabaz Gizemin hədiyyələrinə sahib olmaq istəyirsinizsə, bu linki tıqtıqlayın:D bi-birindən şirin yubka və iki köynək sizi gözləyiir!! Yay!!! ^_^

12/22/2010

Nisamu Style-dan Hədiyyə! (Sona çatdı!)

Millət, izləyicisi olduğum və sevə-sevə izlədiyim bloglardan biri - Nisamu Style-da çox gözəl Clinique Hədiyyə dəsti oynanılacaq. Son qatılma tarixi 10 yanvar 2011-dir. Tələsin! Əlavə məlumatı buradan əldə edə bilərsiniz ^_^ Nyaaaaaa!!!!

12/20/2010

Avon Kosmetikası: Pur Blanca + Color Trend + Ənlik + Ənlik Fırçası

Bax belə. Yeni bir həftənin həyəcanı ilə sizləri Türkiyədə çox məşhur olan Avon Kosmetikası ilə tanış etmək istəyirəm. Buraya gələndən sınaqdan keçirmək istədiklərim arasında idi (xüsusilə, "Çok özel fırsatlarla dolu Avon katalogu için bizi arayın" reklamlarından sonra xD). Əvvəl 13-cü kataloqdan ənliklə fırçasını aldım, sonra 14-dən dodaq balzamları çox ucuza başa gəldiyindən (3.5TL!) onları da sınaqdan keçirmək istədim. Bu ətirdə də kampaniya vardı, 16.70 TL-ə başa gəldi.

Düzünü desəm, Arabian Glow Bronzing Pearls ənliyi gözlədiyim kimi çıxmadı. Xəfif parıltılı olsa da, qalıcı deyil. 1 saat qalsa, şükür edirəm. Gündəlik elə-belə yerlərə çəkib çıxıram. 19.50 TL pul vermişəm, atmayacam ki çölə, 22 qramdı özü də. Amma bir daha almayacam bundan:/

Avon ənlik fırçası isə qəşəngdi, yumşaq və istifadəsi rahatdı. 12-ci kataloqda cəmi 6.70TL qiymətinə idi.

Gələk dodaq balzamlarına. Dodaq baxımı xəstəsi olduğumdan, Avon 14-cü kataloqdakı 3.50 TL-lik balzamları qaçırmamağa çalışdım. Color trend seriyasından olan çiyələkli və darçınlı bu iki dodaq balzamı qiymətinə görə çox qəşəngdi.

Çox nəmləndirir, şəffaf, qoxuludur və şirin dadır. Bir dodaq baxımından istədiyim 3 keyfiyyətin 3-ü də var ^_^ Yeni kataloqda olsa, yenə almağı düşünürəm. Çünki bapbalacadı, tezliklə bitəcək bu gedişlə:D

Nəhayət, Pur Blanca (romantik qadınlar üçün xD) ətrinə gələk. 50 ml olan bu EDT iyi əvvəl püskürəndə çox sərt gəlsə də, qaldıqca yüngül çiçək qoxusu verir. Gündəlik istifadə üçün uyğundu, qalıcılığı gözlədiyimdən yaxşı çıxdı. Müşahidə etdim; 6 saatdan çox qalır:D EDT üçün çox yaxşı göstəricidi. Əgər gündəlik ətir istifadə etməyi və çox bahalı bir şey olmamasını istəyirsinizsə, almaq olar. 

13-cü kataloqda 2 Pur Blanca EDT + Full Speed ətri bir yerdə 50TL idi. Otaq yoldaşımla atışıb 3-ü də aldıq və biri 16.70 TL-ə başa gəldi xD tələbə oldun belədi:)Yeri gəlmişkən, 14-cü kataloqdan dekabr ayının 31-ə kimi alver edə bilərsiniz. Deyirəm, Avon Bakıya gəlsə, Oriflame-ə yaman rəqib olardı ;)

Bəs siz Avonun bu aykı kataloqunda nələri bəyəndiniz və ya aldınız?

12/17/2010

Garnier Dəriyə Qulluq

Yurdun otağından yeni bir postla qarşınızdayam:D Bu dəfə Garnier təcrübəmdən yazmaq istərdim. Garnier Essentials üz təmizləyici gel və losyonu (yaşıl rəngdə olanlar) normal və qarışıq dərilər (sızanaqsız) nəzərdə tutulub. Gündəlik səhər və ya axşam istifadə etmək olar, amma mən ancaq axşamlar edirəm, nəsə mənə rahat olur belə:) Çox xoş əsl bitki iyi verir, Garnierin də ən sevdiyim xüsusiyyəti elə budu. Çox yüngüldü, ağırlıq hiss etdirmir. 

Uzun mavi borucuq isə dəri baxımı kremidir və Garnier Pure seriyasının problemli dərilər üçün olan kremidir (Essentials seriyasının kremi qalmadığından bunu aldım, yaxşı ki də almışam:D ) Makiyaj astarı kimi də istifadə edirəm, çox rahat və fərahdı, üzümün nəfəs aldığını hiss edirəm, dəhşət xiyar iyi verir:D Bu üç məhsulu dalbadal axşamlar (gel + losyon + krem) sürtürəm və yatıram. Aşağıda gördüyünüz balaca krem isə Garnierin Skin Naturals Seriyasından olan Vitamin Radiance gündəlik nəmləndirici kremidi. StrawberryNETdən almışdım nə ümidlərlə, amma adi nəmləndiricidən başqa bir şey deyil. Əllərimə, ayaqlarıma çəkirəm, vəssəlam:D

Qiymətlərinə gəlincə, tam xatırlamıram, amma gellə losyonun hər birini hardasa 8.90 TL-ə, baxım kremini 10TL-ə, cıqqılı Garnieri isə 11 USD-ə almışdım. Bakıda bir az baha olar bəlkə də, amma Bakıda Garnieri İdealdan, ya da Ramstore-dan ala bilərsiniz.

Bəs sizin Garnier təcrübəniz necədi? Nələri bəyənirsiniz, bəyənmirsiniz?

12/14/2010

The Body Shop məhsul təqdimatı!

dBu günü The Body Shop günü elan edirəm:D "The Body Shop nədi? Bunu hardan tapıb çıxartın?" deyirsiniz yəqin. Bakıda olmayan bu markanın dəriyə qulluqdan tutmuş makiyaj məhsullarına kimi bir sıra məhsul çeşidi var. Ağlı başdan çıxaran bədən yağları (?) bütün dünya xanımlarının sevimlisidi (amma mən hələ onları sınaqdan keçirməmişəm xD) Ankaraya gələndən oxuduğum forumların birində eşitdim TBS-i (The Body Shop). Dedim eləməyim tənbəllik, görüm nə olan şeydi bu. Oktyabrdan bu günə sadəcə bədən losyonu ilə başlayan TBS macəram, üz maskasına kimi davam elədi:D İndi də endirimləri gözləyirəm ki, ətirlərindən alım ^_^
Burda mənim favorilərimdən spiced vanilla (ədviyyatlı vanil) və cranberry (quşüzümü) seriyasını görürsünüz. Dəhşət nəmləndirici keyfiyyətlərinə malik spiced vanilladan fərqli olaraq, cranberry ƏSL PARLADAN LOSYONdu! O_o Çiməndən sonra bütün bədənə çək, bəh bəh! parlayırsan:D Ürəyim getdi, hətta bacıma da aldım, Bakıya qayıdanda verməyə ~_~

Yeni favorim mənim: Neroli Jasmin seriyası. 2 al 1 ödə kampaniyası vardı, eləmədim tənbəllik, bədən spreyi (solda) və duş gelini aldım. Əvvəl qoxusu ağır gəlir, amma sonra elə bir qoxular cənnətindəsən! Yasəmən, vanil, müşk, nə gözəl şey var hamısı içində:D Duj geli ilə duş qəbul edib spreyi püskürüb hər tərəfə yasəmən iyi verirsən:D (TBS saytında nətər yazmışdı: Neroliya şahzadəsi yasəməndən öz sevgilisini cəzb etmək üçün istifadə edirmiş :D). Yeri gəlmişkən, bədən spreyinin üstünə "üstün cəzbetmə qüvvəsinə malik" yazılıb :D
Çay ağacı üz maskasııı və çay ağacı yağı!Yağlı və ləkəli dərilər üçün nəzərdə tutulub! Nəticələrini növbəti postlarda yazacam ;)Oriflame-in çay ağacı seriyasına çox oxşayır, çay ağacı yağından istifadə etmişdim, dərimi sakitləşdirirdi. Eyni effekti verir, sadəcə TBS yağı daha güclü iyə malikdi. Belə bir şey axtarırsınızsa, yoxlayın məncə;)

Vəə ən yeni aldıqlarım: Satsuma parladan dodaq balzamı və Spiced Vanilla dodaq balzamı!Bu qədər nəmləndirən balzam istifadə etdiyimi xatırlamıram! TBS mağazalarında xoşuma gələn xidmətlərdən biri də sınaqdan keçirmək üçün məhsulların təmin edilməsidir. Hər məhsul seriyasının yanında, üstünə "Deneyin" yazan bir məhsul mütləq var. Bu balzamlar şirin dadır və gözəl qoxuları var. Hər çantada mütləq olmalı!Bir dodaq baxım məhsulları xəstəsi olaraq, bütün TBS balzamlarını sınaqdan keçirmək qərarını vermişəm:D

İndi isə gələk qiymətlərə: Spiced vanilla, cranberry və jolly orange seriyalarında 2 al 1 ödə dekabrın sonuna kimi davam edəcək. Bu seriyalarda losyonların qiyməti hardasa 24 TL-di, tam xatırlamıram. Amma parladan losyon cranberry 27 TL idi. Neroli Jasmində də o vaxt 2 al 1 ödə vardı, 24 TL ödədim jel və spreyə. Satsuma dodaq balzamı 8.90TL, cranberry balzamı isə 14 TLdi. Rəfiqənizlə 2 dənə alsaz. 7 TL-ə başa gələcək;)
TBS-in kampaniyalarına bura tıklayıb baxa bilərsiniz. Yeni il Hədiyyə dəstlərində də 3 al 2 ödə davam edir;)

P.S. Bilirəm, Bakıda yaşayan oxucularım hardan alacaqlarını bilmirlər. Kaş Bakıda da olsa bu mağaza... Malları pendir-çörək kimi alınar ee:D Bizim bazarı bunlar hələ yaxşı tanımırlar;) Bəlkə bizim parfümeriyalarımıza təklif irəli sürək, hm? Siz nə düşünürsünüz?

12/13/2010

Qayıdış :D

Nəhayət ki, uzun fasilədən sonra yeni yazılara davam edirəm. Oxucularım çox olmasa da, yazmaqdan əl çəkmirəm:D

Gələk bu dəfə təqdim edəcəyim məhsula. Bu dəfə sizlərə taaa yaydan aldığım StrawberryNET məhsulundan yazmaq istəyirəm. Arezia makiyaj palitrasının endirimdə olduğunu görüb tez bir dənəsini aldım(markanın haraya aid olduğunu belə bilmirəm, görünüşü yetər bir şeyi almağıma:D) İndiyə kimi heç vaxt palitram olmamışdı, dedim görüm nətər şeydi:D StrawberryNET məhsulları həmişə bənövşəyi bantlı qutuda gəlir:


Qutunu açıb şirin palitranı çıxartdım. Ölçülərini əlimdə yaxşı-yaxşı görə bilərsiniz.


Açib bir-bir baxdım, rəngləri bir ömür yeter mənə:D 22 göz kölgəsi, 6 dodaq parıldadıcısı, 2 ənlik, pudra və 3 aplikatordan ibarətdi. Çox böyük bir şey gözləməyin. Mənim kimi, "eh, bir palitram olsun" deyirsinizsə, münasib qiyməti və əlvan rəngləri ilə xoşunuza gələcək. Xüsusilə, parıldadıcıları və kölgələri bəyəndim. Rəngləri yaraşır adama. Pudra ilə ənlik elə-belədi, qalıcılığı isə çooox aşağıdı:D

O vaxtı 13 dollara almışdım, amma indi buraya tıklayaraq məhsulu saytda görə bilərsiniz. Çəkdiyim şəkilləri də əlavə edirəm, qərar sizindi:


6/03/2010

Dodaqlar!

Pomada seçimində ən vacib ilk öncə rəngi, çəkilmə rahatlığı və keyfiyyətidir. Keçən ay StrawberryNETdə Bourjois'nın pomada endirimlərindən heç faydalanmamaq olardı? Eləmədim tənbəllik, iki pomada aldım
İstədim sizinlə də onları paylaşım:) Deməli, mayın 13u aldım bu ikisini, mayın 25i artıq gedib poçtdan götürdüm. Ən sevdiyimdən və məndə qalandan başlayaq:Bu, Bourjoisdan 11 USD qiymətinə aldığım So Rouge #32 qırmızı pomadası. Davamlı, qıpqırmızıdı:D
Hələ bir buna baxın. Mərcan rəngində yumu yumu yumşaq, davamlı və güzgülü başlıqlı Bourjoisdan Lovely Rouge #10 Pomadası:) Bunu da 13 USD qiymətinə aldırm ^_^
İndi baxdım, endirimlər hələ də davam edir:D Bakıda bunların qiyməti necə olar? Şərhlərinizi gözləyirəm:)

Max Factor Parlaq Lipfinity Dodaq Parıldadıcısı


Dodaqlarınızın gözəlliyini əks etdirən daimi rəng və parlaqlıq:~ Dodaqlarda əks olunan fərqli rəng tonları ~ Daimi parlaq görünüş ~ Mirvarili hissəciklərlə çox ölçülü parlaqlıq ~ 10 saat ərzində yeyib içsəniz belə, davamlıdır Bu məhsul indi StrawberryNETdə məxsusi Sevgililər gününə hədiyyə və PULSUZ! Sadəcə 25 USD-dən çox alver edin və bu möhtəşəm hədiyyəyə sahib olun. 13 iyun 2010 tarixinə kimi etibarlıdır.
*StrawberryNET.com-dan alinmisdir:D

6/01/2010

"Gözəllik salonu"na xoş gəlmişsiniz! ^^

Nəhayət!:D Uzun-uzun düşündükdən və araşdırdıqdan sonra Azərbaycan dilində, istifadə etdiyimiz və ya etməyi düşündüyümüz məhsullar haqqında saytın olmadığını gördüm və "yoxdursa, yarat" prinsipi ilə bu blogu yazmağa qərar verdim. Bilirəm ki, çoxumuz hansı məhsulun harda necə olması, qiymətini, hardan tapa biləcəyi və ona uyğun olub-olmadığı ilə maraqlanır. "Gözəllik salonu"nun yaranma səbəbi də budur. Artıq öz ana dilimizdə və bizə "doğma" olan məhsullar haqqında oxuya biləcəyik. 

Əzizlərim, istənilən markanın makiyaj, dəriyə qulluq, ətir məhsulları ilə bağlı suallarınızı, irad və təkliflərinizi səbirsizliklə gözləyirəm. Elə isə başladıq! ;)