Səhifələr

Showing posts with label tuş. Show all posts
Showing posts with label tuş. Show all posts

3/04/2011

Maybelline Define-A-Lash Həcm Tuşu

Əvvəlki postlarımda da qeyd etdiyim kimi, tuşum çürüməyə üz tutmuşdu. Mən də tuşsuz qalmayım deyə (Flormarım bacıma getdi:D) otaq yoldaşımın məsləhəti ilə Maybelline-dən almağa qərar verdim. 15 TL verdiyim çox bahalı olmayan Define-a-lash üstündə yazılanı kifayət qədər sübut etdi:

Tuşda axtardığım şey kirpiklərimi yapışdırmaması və tək-tək ayırmasıdı. Digər xüsusiyyətlər elə də əhəmiyyət kəsb etmir. Bu tuşu da bu adla aldım və doğrudan da, əyilib-düzələn, elastik fırçası ilə kirpikləri bircə zərbədə ayırır və uzadır. Gözlərim BÖM açılmış kimi görünür və çox xoşuma gəlir bu effekt:D rəng verməsi də ortadır.


Fırçası toppuş deyil, xırda tükləri kirpikləri yapışmağa qoymur. Normal qiymətə belə xüsusiyyətlərə malik tuş istəyirsinizsə, almağa dəyər. Düzü, Bakıda hələ görməmişəm, amma görən olsa, mütləq bildirsin. Böyük kəşf olar:D Uğurlar olsun;)

2/13/2011

2010-cu il makiyaj sevimlilərim!

Bəli, Sevgililər gününə az qalmış artıq yenə Ankaradayam:) Fürsət varkən, gec də olsa, sizlərlə 2010-cu ildə sevə-sevə istifadə etdiyim ve yanımdan ayırmadığım, rahatlıqla tövsiyə edəcəyim makiyaj məhsullarımdan danışmaq istəyirəm. 

Tonal krem: düzü, tonal kremdə hələ də ürəyim istəyəni tapmamışam və fərqli markalardan istifadə etməyi xoşlayıram. Amma mütləq və mütləq bir yerdə qərar tutmaq lazımdı:/ çünki tonal kremi düzgün seçmək və üzümüzün onu qəbul edə bilməsi çox vacibdir. İl boyu istifadə etdiyim tonal kremlərdən Bourjois-nın maye tonal kremindən razı qaldım. Mənimki açıq rəngli idi və dərimin nəfəs almasına imkan verirdi. Sadəcə, tonal kremlərdəki o qoxunu heç sevmirəm, Bourjois-nın bunda günahı yoxdu vallah:D bəlkə ona görə də bu tonal kremlərdə qərar tuta bilmirəm. Amma nə demək olar, 2010-un tonal krem gözəlçəsi bu oldu:)

Pudra: Elə də çox pudra istifadə etmədiyim üçün bu il ancaq Flormarın pudrası ilə Arezia dəstimin pudrasından istifadə etdim və Areziankından razı qaldım:D Flormarınkı üzdə maska kimi görünürdü. Arezianınkı isə daha xəfif və yüngüldü. Bu pudraya baxmaq üçün Arezia haqqında olan yazıma keçə bilərsiniz.


Ənlik: Həə, bax bu, başqa məsələ. Top ənlikləri çox sevirəm, çünki dərinin təbii rəngini gücləndirir və süni görünmürlər. Bu il həm terracotta, həm də top ənlikdə Golden rose ümidlərimi doğrultdu. Top ənlikləri yaxşı, təbii rəng verir, terracotta star dust ənliyi isə gecə makiyajımın ayrılmaz hissəsinə çevrilib. Golden rose terracotta ənliyi haqqında yazıma buradan baxa bilərsiniz.



Göz qələmi: karandaş kimi göz qələmlərinə üstünlük verənəm, çünki dərim yağlı olduğundan, maye qələmlər gözümdən axır (yəqin tanış mənzərədi xD). Odur ki, bu il çox fərqli markalarda göz qələmi istifadə etdim, ən xoşuma gələn - axmayan, daha çox qalıcı və gözü yandırmayan PUPA markasının 09 nömrəli qara göz qələmidi.  Digər ucunda isə çəkilən xətti yaymağa imkan verən fırça kimi başlığı vardır. Yeyib-yeyib sonuna gəlmişəm artıq yazığın :D Ondan sonra aldığım nə Flormar, nə Orifleym onu əvəzləyə bilmədi. Odur ki, 2010-un sevimli göz qələmi PUPA elan olunur :)


Tuş: tuşa gəlincə, yenə də fərqli marka tuşları sınaqdan keçirməyi sevirəm. Bu il Bourjoisdan tutmuş Flormara kimi çox markadan istifadə etdim, lakin İsaDora markasının Lash Booster Mascara qara tuşdan əl çəkə bilməyəcəyimi anladım. Bir ildən çoxdur ki (!) məndədi və artıq qatılaşmağa başlayıb və kirpiklərimi artıq yapışdırır (tuşu hər 4-5 aydan bir dəyişmək lazımdı, mənim kimi eləməyin O_o). Amma neyləyim ki, əlim gəlmir atmağa. İsaDora tuşunun bircə zərbəsi bəsdir ki, kirpikləri uzatsın və həcm versin. Ayırmağı da yaxşıdı. Fırçasının formasından da bunu görə bilərsiniz. Ən qısa zamanda İsaDora ehtiyatımı doldurmalıyam;) Hələlik dünən Maybelline-dən aldığım tuşu sınaqdan keçirəcəm, onun haqqında yeni yazımı gözləyin;)


Göz kölgəsi: Gözlərim ətli olduğundan, ümumiyyətlə, kölgədən az istifadə etməyə çalışıram, çünki kobud görsənir. Bu il ancaq Arezianın göz kölgəsi palitrasından və Orifleymdən aldığım qələm göz kölgəsindən istifadə etdim. İkisi də qənaətbəxş nəticə yaradır, amma Orifleymin Very me qələm göz kölgəsi mənim üçün yaradıldığından, ondan əl çəkə bilməyəcəyimi anladım:D Bu qələmin verdiyi rəng və işıq əsl istədiyim kimidir, qalıcılığı 6 saatdan çox olur və çəkilməsi rahatdır. Doymuram da bundan, neyləyim:D Məhdud buraxılış olmasına baxmayaraq, yenə onu çıxaracaqlarına ümid edirəm O_o 2010-un sevimli Orifleym qələmi haqqında burdakı yazımdan oxuya bilərsiniz.

Dodaq boyası: Ən sevdiyim mövzu:D Dodaq boyalarına gəlincə, nələrdən istifadə etmədim kiii! Stik pomadalardan 2010-un sevimlisi Oriflame Power Shine Festive pomadalarıdı. İndiyə kimi, bu qədər rahat çəkilən, işıq və rəngi çox gözəl verən və kobud qalmayan pomadam olmamışdı! Hər kataloqda mütləq bir dənə Power shine alıram:D Bu yazımda, Power Shine Festive haqqında oxuya bilərsiniz.

Dodaq parıldadıcısına gəlincə, 2010-da sevə-sevə istifadə etdiyim və dibinə daş atdığım yenə Bourjois Effect 3D Max parıldadıcılarıdı. Dünən YKM-də Bourjoislarda 50% endirim vardı, çox xərc elədiyimdən ala bilmədim, amma qısa zamanda cicilərə qovuşacam;)



Dodaq balzamı: Təbii ki, The Body Shopun dodaq balzamları 2010-cu ilin bir nömrəli balzamlarıdı! Düzdü, dodaqlarım çox qurumur, amma bu şirin dadlı, qoxulu və nəmləndirici balzamlar dodaqlarımı rahatlandırmağa və nəmli görünməyə imkan yaradır. TBS balzamlarını istifadə etdikdən sonra dodaq balzamı xəstəsi olacaqsınız:D TBS balzamları haqqında oxumaq üçün buraya tıqtıq;)

Dodaq kremi: Bourjois So Delicate dodaq kremini istifadə etməzdən qabaq, ümumiyyətlə, dodaq kreminin varlığından xəbərim yox idu. Xəfif rəng verən bu krem tutqun görünüş yaradır və dodaqları qurumaqdan qoruyur. Yenə də dibinə çatdığım bu dodaq kremi 2010-da istifadə etdiyim yeganə dodaq kremi olmasına baxmayaraq, sevimlimə çevrilə bildi;)



Bu da son:) 2010-cu ildə sevə-sevə istifadə etdiyim və əl çəkə bilmədiyim makiyaj məhsulları haqqında fikirlərimi sizlərlə bölüşdüm. Bəs sizin 2010-cu il sevimliləriniz hansılardı? 2011-də nələrdən əl çəkə bilməyəcəksiniz?:)

1/29/2011

Heey! Flormarla aranız necədi?

Əziz oxucularım, bu qədər fasilə verdiyimə özüm də inana bilmirəm O_o İmtahanlara, işə baş qarışmışkən yarı canım blogumda idi, axır ki, yanvarın son günləri vaxt tapa bildim və yeni markalarla qarşınızdayam:D 

Bu gün Flormardan danışmaq istəyirəm. Yəqin analarınız bu markadan az-çox istifadə edib (elə indi də anamın sevimli pudrası Flormardı). 1970-ci ildə Milanda yaradılan bu markanın administrasiyası sonralar Türkiyəyə köçürüldü və hal-hazırda Türkiyə ilə yanaşı, Avropanın müxtəlif ölkələrində istehsal edilir. Mən də bu markayla tanış olmaq üçün Ankarada hər yerdə tapa biləcəyiniz Flormar köşklərinə üz tutdum və bu ciciləri aldım ^^
 Bahalı olmayan Flormardan çox şey gözləmək lazım deyil, amma qiymətinə görə daha yaxşı işə yarayır. Əvvəlcə tuşundan başlayaq. Spider Lash Deep Black (Tünd Qara) tuşunu xüsusilə satıcıdan soruşdum ki, kirpikləri yapışdırmayıb dənə-dənə edə bilsin - mənim üçün bu, tuşda axtardığım əsas xüsusiyyətdi. Orta dolğunluq verir və orta dərəcədə uzadır və təbii ki, kirpikləri tək-tək edir. Fırçanın toppuş olmamasından da bunu anlamaq olur. Görənlər o dəqiqə tuşumu dəyişdirdiyimi hiss edir:D
Qara göz qələmini satıcı xüsusilə təriflədi və həqiqətən də, yanılmayıb. Almaniyada istehsal olunan Ultra Black (Çox qara) göz qələminin çəkilməsi çoox rahatdı, yağlılıq hiss etdirmir və yumşaq çəkilir. Rəngini yaxşı verir. Yeganə mənfi cəhəti əriyib getməsidi. Bunun bir səbəbi də mənim göz üçün astar (primer) istifadə etməməyimdi. Əks halda, qələmin çəkdiyi xəttin ömrü uzun ola bilərdi.
Flormarın Glittering Star Eyeliner (Parlayan Ulduz Göz Qələmi) seriyasından olan bu qəhvəyi, simli qələmi böyük ümidlərlə almışdım. Amma bir şeyi unutdum ki, bu, sadəcə QƏLƏMdi, göz kölgəsi deyil:D Oriflamedən aldığım o çəhrayı göz kölgəsi qələminin havası başımda idi və onun kimi dolğun parlaq nəticə gözləyirdim. Hər halda, bu qələmi üst kirpik cərgəsinə çəkdikdə heç də pis görünmür. Amma bir daha bu tip göz qələmi almayacam, çünki həm sərtdi, həm də rəngini çox yaxşı vermir, dəfələrlə üst-üstə çəkmək lazımdı. Ah, bir də gözün içinə çəkmək olmaz T_T Aşağıda da svoçlarını tüklü qollarımda göstərirəm:D
Ənənəvi olaraq, qiymətlərə gəlincə, Spider Lash tuşu 10 TL-ə, qara göz qələmi 4.50 TL, qəhvəyi parıltılı olan isə 2.50 TL-ə idi. Yəni kifayət qədər ucuz :D Gözüm bunların məşhur ənliklərindədi. Fürsət düşən kimi almağı planlayıram;) Daha çox Flormar məhsuluna baxmaq istəyirsinizsə, buraya tıqtıqlayın;)
P.S. Bakıdayaaaammm:D Ailəmləyəəmm:D Gələn kimi də bacım xəbər verdi ki, Flormar Bakıdan yığışdırılıb. Siz də bu xəbəri eşitmisiz, yoxsa şayiədi? O_o