Səhifələr

Showing posts with label göz kölgəsi. Show all posts
Showing posts with label göz kölgəsi. Show all posts

4/19/2011

ELF mineral göz kölgəsi - Celebrity (Məşhur)

Əzizlərim, uzun müddət davam edən ayrılıq nəhayət yenə bir ELF yazısı ilə sona çatır:) Bu dəfə sizə ELFin mineral seriyasından aldığım və heyran qaldığım göz kölgəsindən danışmaq istəyirəm. Qarşınızda ELF mineral göz kölgəsi - Celebrity (Məşhur):
Yox, yox, təzə kamera almamışam, otaq yoldaşımın möhtəşəm telefonundan axır ki, normal şəkillər çəkə bildim:D Sarımtıl-qızılımtıl rəng olan Celebrity-ə heyran olmamaq mümkün deyil. Zərli, par-par yanan, çoox gözəl piqmentli bir kölgədir. Yüngül və astarla daha uzun müddət qalıcı! Əsl gecə makiyajında istifadə ediləsi rəngdi, amma mən gündüz də xüsusi günlərimdə basıb çəkirəm:D İçində bax belə tozcuqlar var :)
Toz kölgə olduğundan fırçayla düzgün nizamlamaq lazımdı, yoxsa tez qurtarar. Aşağıda əlimdə rəngini yaxşı göstərmək üçün fləşlə çəkmişəm ki, zərlərini görüb ürəyiniz getsin:D
Suuppper!! Bircə dəfə barmağımı batırmaqla bax bu rəng alındı! Piqmentliliyi göz qabağındadır! Zəri sevənlərin ayrılmaz sevimlisinə çevriləcək! Deyəcəksiniz ki, belə çox tərifləyirsən, bəs qiyməti nətərdi? Düzü, ELF ucuzdu, ucuzdu deyirik, amma bu kölgələrin biri 3 sterlinqədir ki, hardasa 4.50 AZN edir və cəmi 0.85qrdı. Hər rəngini istəsək, bir az baha başa gələ bilər. Amma o qədər gözəldilər ki, digər rənglərini də imkan düşdükcə almaq istəyirəm. Xüsusilə, Elegant, Caffinated, Natural, Confident, Sassy, nə bilim hamısını:D ELF mineral kölgələrindən 5-i zərsiz (tutqun), digər 21 kölgə isə belə zərlidir. Qızlar, siz nə düşünürsünüz bəs? Almağa dəyərmi?:D

4/11/2011

ELF tutqun və piqmentli göz kölgəsi - Smokey və Naughty Noire

Nəhayət, tədqiqatımın ilk hissəsini tamamladım:D İndi isə sizinləyəm, qızlar! Böyük istəyi nəzərə alaraq, ikinci sifarişimdə əlimə çatan tutqun və piqmentli ELF göz kölgələrindən danışmaq istəyirəm. ELF UK saytına təzəcə gələn bu cicilərin hərəsindən bir dənə aldım ki, sınayım görüm nətərdi. Yazı boyunca fikirlərimi açıqlayacam:

Şəkildən də göründüyü kimi, sağ tərəfdəki tutqun, soldakı isə piqmentli göz kölgəsidi. Tutqun göz kölgəsinin Smokey (Dumanlı), piqmentdən isə Naughty Noire (dəcəl qara) rənglərini aldım (son vaxtlar niyəsə tünd, qara-qura rənglərə meyl edirəm, Allah axırını xeyir eləsin:D). Açaq görək bunların içində nə var:

Yenə fırçalı! Düzü heç istifadə etmirəm bu fırçalardan, cıqqılıdı və mənim gombuş gözlərimə çəkməkdə yaxşı deyillər:D Qapağını açan kimi, toz kölgə olduqlarından deşik-deşik qabda gəlirlər, bu deşiklərin üstündə şəffaf lent də vardı, onu çıxartdım, bu deşiklər göründü:) Deşikli toru çıxarsaaaaq:

...bax bu tozcuqlar görünür. Hər ikisi də 1.5qr, qiyməti isə hərəsinin 3.50 sterlinqdi, məncə, bahadı bu cıqqılı şeylərə görə. Məhsulun keyfiyyətinə gəlincə, möhtəşəm bir şey deyillər. Smokey kölgəsi yumu-yumu yumşaqdı, donuq, tutqun rəng yaradır və çox xəfifdi, elə bil kölgə çəkməmisən. Amma rəngini gec verir:/ Neçə dəfə üstündən çəkirəm ki, rəngi çıxsın. Naughty Noire piqmentinə gəlincə, adından göründüyü kimi çoox rəng verməsi lazım idi, amma yenə də, çox piqmentli deyil:/bir neçə dəfə üst-üstə çəkməli olursan, amma Smokey-ə görə daha çox rəng verir, elə bu da tutquna yaxındı, parlatmır gözləri. Yenə alarammı? Hmm, pulum aşıb-daşsa, boş-bekarçılıqdan, hə:D Bəlkə daha açıq rənginə də baxa bilərəm piqmentin. Amma gələcək istək siyahıma daxil deyil:) Aşağıda da svoçları qoymuşam, hələ astarla çəkmişəm bunları, belə görsənirlər, görün indi astarsız nətərdilər:D

Xəfif kölgə axtarırsınızsa, sevə bilərsiniz, amma heç əlim bunlara getmir hələ ki :/ İndi ELF UK saytında aldığınız hər şeyə 20% endirim təklif olunur, səbətinizə məhsulları əlavə edib kupon kodu yerinə MAGIC20EU kodunu daxil etsəniz, 20% endirim əldə edəcəksiniz bütün sifarişinizə. Bəlkə işinizə yarayar:) Siz ELFin bu yeni kölgələrini sınamısınızmı? Sizdə vəziyyət nətərdi?:)

3/29/2011

2-ci ELF sifarişim! :D




Nəhayət dünən 2-ci ELF sifarişim gəldi:D Həmişəki kimi 1 həftəyə əlimdədi! Gördüyünüz cicilər: ELF Get The Look - Glitz and Glam dəsti, ELF Get The Look - Smokey Eyes dəsti, normal seriyadan pomada Gypsy və Seductive, ELF studio fırça şampunu, ELF mineral pomada - Party Pink, ELF studio krem göz layneri - bənövşəyi, ELF normal seriyadan Shimmer Eyeliner Pencil (Parlayan göz qələmi) - Boldly Bronzed (Cəsur bürünc), ELF normal seriyadan Brightenening eye color (parladan göz kölgəsi) - Butternut (Fındıq yağı) və ELF Christmas Face - Üz Spreyi! Bir sözlə, söküldüm:D Aldıqlarımdan istifadə edib qısa zamanda təqdimatlarla qarşınızda olacam. O vaxta kimi, özünüzə gözəl baxın, qızlar ;) Muaahh :*

12/29/2010

Oriflame bazarlığı :D

Dararadaaam:D Mən gəldim, həm də nələrlə:D Niyəsə bu aralar Oriflame-ə yaman çox ilişmişəm. Bakıda demək olar ki, Oriflame-i tanımayan qadın yoxdu. Burda da ondan qaca bilmədim:D Gedib gəlib kataloqunu vərəqləyirəm. 1 ildən çoxdu ki, istifadə etmirdim, amma artan məhsul çeşidi çox xoşuma gəlir. Elə isə noyabrdan bu yana 12 və 13-cü kataloqlardan etdiyim 3-4 məhsul haqqında danışım, ilk svoçlarımı yerləşdirim:D

Ayaq kremi quru və təmiz ikən ayaqlara çəkiləndə nanə iyi ətrafı bürüyə-bürüyə yandırır ayaqları, qoxu yaranmasını ləngidir. Xoşuma gəldi bu xüsusiyyəti. Süngərlər isə adi süngərdi, heç nədən fərqi yoxdu:D

Solda gördüyünüz əcayib Oriflame tonal krem süngərlərinin yanında çəhrayı rəngli Oriflame Very Me metallik qələm kölgə, 50ml-lik Oriflame tərləmə əleyhdarı ayaq kremi, yanında 3 dənə pomada (Silky Kiss Beige Charmeuse, Power Shine Festive Golden Clover və Golden Pink) və Oriflame Very Me Double Trouble Night Glow göz qələmi)
Başlayaq, qələmlərdən. Gördüyünüz çəhrayı qələm göz kölgəsidi (?). Düzü, ilk dəfədi göz kölgəsini fırçasız, rahatlıqla dağıdıb eləmədən gözümə sürtürdüm:D nətər deyərlər, tənbəlin malıdı. Adi göz qələmi kimi çək çıx. Bunun mavi metallik olanı da var. Bu bitsin, ondan da alacam:D 13-cü kataloqda 8.90TL idi, qiyməti də uyğundu. Gələk, iki uclu qələmə. Çəkilməsi rahatdı, fərqli və ziddiyyətli baxış yaratmaq istəyənlər üçün əladı. Qiyməti 8.90 TL-di 13-cü kataloqda. Bu da svoçları (bilirəm, əyriş-üyrüşdü O_o):

Gələk, bir pomada manyakı olan mənim Oriflame seçimlərimə. Mən öldüm bu Power Shine Festive pomadalarından ötrü. Bu qədər rahat çəkilən, xoş qoxu və rəng verən pomada istifadə etməmişdim. Kefim əhvalım pozulanda çəkirəm ondan, vəssəlam:D Yemiş qoxusu çox xoşuma gəlir, rənglərini yaxşı verir və qızılı hissəcikləri var:D sanki, dodaq parıldadıcısıdı. Məndəkilər qızılı gavalı və qızılı çəhrayıdı. Bunların Power Shine adlı gümüşü hissəcikləri olan pomadaları da var, alıb baxmaq lazımdı. Amma heyif ki, ölçüləri balacadı, 1 aya qalmaz bitər məndə:( Mən aldıqlarımın qiyməti isə 13-cü kataloqda 8.90TL. Silky Kiss pomadası isə elə də xoşuma gəlmədi. Düzü, məndə yaxşı qalmır, otaqdakı qızların isə ürəyi gedir o pomadadan ötrü. Deməli, dodaqdan dodağa dəyişir görünüşü. Rəngi yaxşı verir, amma deyəsən, bu rəng mənə yaraşmır:D Qiyməti 13-cü kataloqda 13.90TL. Şəkillərdə soldan sağa Silky Kiss, Power Shine Festive Golden Pink, Power Shine Festive Golden Plum,  pomadaları və svoçlarıdı.





Diqqət! Bu göstərdiyim məhsullar Oriflame Türkiyə kataloqlarından alınmışdır. Buradan baxa bilərsiniz. Azərbaycan Oriflame kataloquna da internet səhifəsindən baxa bilərsiniz. Xoş bazarlıq diləyirəm;)

12/13/2010

Qayıdış :D

Nəhayət ki, uzun fasilədən sonra yeni yazılara davam edirəm. Oxucularım çox olmasa da, yazmaqdan əl çəkmirəm:D

Gələk bu dəfə təqdim edəcəyim məhsula. Bu dəfə sizlərə taaa yaydan aldığım StrawberryNET məhsulundan yazmaq istəyirəm. Arezia makiyaj palitrasının endirimdə olduğunu görüb tez bir dənəsini aldım(markanın haraya aid olduğunu belə bilmirəm, görünüşü yetər bir şeyi almağıma:D) İndiyə kimi heç vaxt palitram olmamışdı, dedim görüm nətər şeydi:D StrawberryNET məhsulları həmişə bənövşəyi bantlı qutuda gəlir:


Qutunu açıb şirin palitranı çıxartdım. Ölçülərini əlimdə yaxşı-yaxşı görə bilərsiniz.


Açib bir-bir baxdım, rəngləri bir ömür yeter mənə:D 22 göz kölgəsi, 6 dodaq parıldadıcısı, 2 ənlik, pudra və 3 aplikatordan ibarətdi. Çox böyük bir şey gözləməyin. Mənim kimi, "eh, bir palitram olsun" deyirsinizsə, münasib qiyməti və əlvan rəngləri ilə xoşunuza gələcək. Xüsusilə, parıldadıcıları və kölgələri bəyəndim. Rəngləri yaraşır adama. Pudra ilə ənlik elə-belədi, qalıcılığı isə çooox aşağıdı:D

O vaxtı 13 dollara almışdım, amma indi buraya tıklayaraq məhsulu saytda görə bilərsiniz. Çəkdiyim şəkilləri də əlavə edirəm, qərar sizindi: