Səhifələr

Showing posts with label svoç. Show all posts
Showing posts with label svoç. Show all posts

5/24/2011

Oriflame Very me - Lovebirrrds göz qələmləri

Bu xoş bahar günündə xoş gördük, əzizərim :) Sizə bu havalarda tez-tez geyindiyimiz geyimlərə uyğun göz qələmlərindən danışmaq istəyirəm. Mən, adətən, göz makiyajımı geyimimə uyğunlaşdırmağa çalışıram, yaz havalarında tez-tez cins və  ya yaşıllı bir şey geyinmək getdikcə dəbə mindiyindən fevral ayında Oriflame-in Sevgililər günü üçün məhdud sayda buraxdığı Very me Lovebirrrds qələmlərimi çıxartmağımın vaxtı gəlib çatmışdı:) Türkiyənin bu Oriflame kataloqunda da görünən qələmlərlə maraqlana biləcəyinizi düşünüb bu yazını hazırladım. Məndəki  Şirin yaşıl (Sweet Green) və Mavini Sevirəm (I Love Blue) rəngləridi.
İlk aldığımda düzünü desəm, peşman olmuşdum. Fevral ayı, yaşıl-mavi rənglərdən çox istifadə etmirəm və gözlərimin rəngi də tünd qəhvəyi. Bu qələmlərdən necə istifadə edəcəyimi bilmirdim, qablaşdırması üçünsə ürəyim getmişdii! Üstündə quşlar, çiçəklər, böcəklər var və əsl baharı xatırladır (Oriflame niyə bunu qışda buraxmışdı, başım çıxmadı:D). Qablaşdırmadan bu qədər, keçək toxumalarına. Aşağıda svoçları gün işığında çəkib sizə təqdim edirəm:

Yenə mənim üçün mənfi və müsbət hesab etdiyim xüsusiyyətlərini ayıracam, amma onu qeyd edim ki, sizin üçün eyni olmaya bilər.
Mənfi cəhətləri:
1. Sərt toxumalıdırlar. Alandan sonra birinci dəfə gözə çəkərkən diqqətli olmaq lazımdı, gözü basıb çıxardır :D Düzü, ilk istifadələrdə belə idi, amma getdikcə yumşalır. Yenə də normal qələmə görə sərtdirlər, yumşaq çəkilmir.
2. Şirin Yaşıl daha az piqmentlidi. Şəkildən də gördüyünüz kimi, yaşıl daha az rəng verir və cıvıl-cıvıl yaşıl deyil, bozla qarışıq yaşıl rəngdi. Bir neçə qat çəkmək lazımdı ki, yaşıllığı görünsün:D
3. İsti olduqda qarışa bilirlər. Təəssüf ki, davamlılıqları zəifdi. Uzun müddətli makiyaj edəndə bunları sabitləmək lazımdı, yoxsa axıb aləmi pis günə qoyurlar.

Müsbət cəhətləri:
1. Mavini Sevirəm daha piqmentli və qalıcıdı. Bu tünd göy rəng yaşıla görə daha uzun müddət qalır və daha piqmentlidi. Bircə qat göy rəngi almağa imkan verir.
2. Gözləri yandırmır. Həssas gözlərə sahib olmağıma baxmayaraq, gözlərimi yandırıb yaxmadı. Gözlərimin içinə də çəkirəm və hələ ki problemimiz yoxdu.

Belə görünür ki, mənfi cəhətləri daha çoxdu:D Bu qələmləri ancaq qablaşdırmasına vurulanlar ala bilər, amma belədi ki, "normal rəngli qələmim olsun, hərdən bir, dadını çıxartmaqçün çəkərəm" deyirsinizsə, almaq olar. Mən Azərbaycan kataloqundan 2.99AZN-ə almışdım səhv xatırlamırsa. Türkiyə kataloqunda 7.90 tl olmalı idi. Xoş alış-veriş diləyirəm, qızlar :):*

5/09/2011

ELF Studio Ənlik - Səmimi Mərcan (Candid Coral)

Keçən ELF alış-verişlərimin birində studio ənliklərinə baxmaq istədim. ELF studio ənliklər ELF UK saytında 9 rəngdən ibarətdir. Mərcan, şaftalı rəngli ənliklərə olan bağlılığımı yəqin başa düşmüsünüz. Bu Candid Coral adlanan Səmimi Mərcan rəngi çoxdandı diqqətimi cəlb edirdi, beləcə ala bildim onu. Şəkil axşam və fləşlə çəkildiyi üçün rəngi tünd görünə bilər, amma bundan açıqdı:
Çox piqmentli bir ənlik gözləyirdim, amma tez tozlanan və buildable dedikləri üst-üstə çəkərək istədiyiniz rəngi almağa imkan verir. Deyəsən, bütün ELF ənliklərinin xüsusiyyəti tez tozlanmasıdı, fırçanı batıran kimi qabı toz basır, üfləyib-püfləyib qapağını örtürəm:
Burda əsl rəngini görə bilərsiniz. Heç mərcan rənginə oxşamır:D Barmağımdakı rəng də bir neçə dəfə batırdıqdan sonra alınıb. Üzümdə xəfif bürünc rəngə də çalır. Amma 3.50 funt sterlinq/4.56 AZN/8.92 TL qiyməti üçün əladı, xəfif rəngli çalar yarada bilərsiniz; studio ənliklər bax bu linkdədir. Amma yenə alacağım bir məhsul deyil, çünki mənim o gözlədiyim o mərcan, o şaftalı rəngini vermir. Bu günlük bu qədər, qızlar:) Öpüldünüüzz:**

5/05/2011

ELF studio bronzerlər - İsti və Soyuq (Warm and Cool)

Yay gəliiirrr!! Təbii ki, 2-3 aya dəniz mövsümü də açılacaq, əgər sərin havalar imkan versə:D Mən də erkən yayı hiss edib yaşamaq üçün isti yaz-yay günlərində rahat istifadəli bu cici ELF qaraldıcılarını aldım.

Studio seriyasına daxil olan bu qaraldıcıların 3 çeşidi mövcuddur: soyuq, isti və qızılı. Mən də dedim, qoy ikisi olsun, görüm nətər şeylərdi. 
ELF UK saytında da yazıldığı kimi, soyuq qaraldıcı (cool bronzer) əsasən qış günləri üçündür. Əvvəl dedim, yox əşi, soyuğu elə yayda da istifadə edərəm, amma doğurdan da ELF düz deyirmiş:) Yay üçün çoox donuq rənglərdi, tutqundu, parıltı vermir. Dörd rəngdən ibarətdi: saat əqrəbi istiqamətində ağ, tünd qəhvəyi, çəhrayı və açıq qəhvəyi. Gördüyünüz qəhvəyi rənglər açıq rəngli dərimdə çoox tünd görünür, onun üçün yalnız konturlamada istifadə edirəm. Amma belə fırçanı düz qabın ortasına batırıb, hamısını qarışdırıb çəkirəm, bir az rəngləri yüngülləşir. Ağ rəngdən highlighter - vurğulayıcı kimi də istifadə edirəm. Pis deyil. Parıltı sevmirsizsə, əsl sizin üçün bir qaraldıcıdır.

İsti qaraldıcıya (warm bronzer) gəlincə, əsl mənlikdi! Par-par parıldayan, işıltılı, canlı və əsl yay tonları! Yenə dörd rəngdən ibarətdir və saat əqrəbi istiqamətində qızılı, çəhrayı, tünd qəhvəyi və sarı-qızılı. Kifayət qədər piqmentlidi, qalıcılığı bir az mübahisəlidi, çünki altda istifadə etdiyim primer, ya da tonal kremdən asılı olaraq dəyişir. Yenə tək-tək rəngləri istifadə etmirəm, fırçamla hamısını qarışdırıb almacıq sümüklərimin üstünə, gicgahlarıma və çənəmə çəkirəm. Sağlam parıltı verir və isti yaz/yay günlərində çox xoş görünür. Gecə də istifadə edilə bilər, təbii ki, qızılı terracotta ilə möhkəmləndirilsə, lap göz qamaşdırarıq :D  Svoçu da aşağıda:

Bu linkə tıqlayaraq, rənglərinə baxa bilərsiniz. İmkan olsa, qızılı qaraldıcını da alardım, amma sınaqdan keçiriləsi o qədər başqa qaraldıcı var ki:D Qiyməti 3.50 funt sterlinq/4.56 AZN/8.92 TL kimi məqbul qiymətədir. ELF UK Azərbaycana göndərir, amma Türkiyəyə bu yeni qanundan sonra göndərib-göndərmədiyini bilmirəm. Risk edib almamışam bir şey. Beləcə sizə xoş yaz-yay alış-verişi diləyirəm, xanımlar:) Öpürrəmm hamınızıı:**

4/19/2011

ELF mineral göz kölgəsi - Celebrity (Məşhur)

Əzizlərim, uzun müddət davam edən ayrılıq nəhayət yenə bir ELF yazısı ilə sona çatır:) Bu dəfə sizə ELFin mineral seriyasından aldığım və heyran qaldığım göz kölgəsindən danışmaq istəyirəm. Qarşınızda ELF mineral göz kölgəsi - Celebrity (Məşhur):
Yox, yox, təzə kamera almamışam, otaq yoldaşımın möhtəşəm telefonundan axır ki, normal şəkillər çəkə bildim:D Sarımtıl-qızılımtıl rəng olan Celebrity-ə heyran olmamaq mümkün deyil. Zərli, par-par yanan, çoox gözəl piqmentli bir kölgədir. Yüngül və astarla daha uzun müddət qalıcı! Əsl gecə makiyajında istifadə ediləsi rəngdi, amma mən gündüz də xüsusi günlərimdə basıb çəkirəm:D İçində bax belə tozcuqlar var :)
Toz kölgə olduğundan fırçayla düzgün nizamlamaq lazımdı, yoxsa tez qurtarar. Aşağıda əlimdə rəngini yaxşı göstərmək üçün fləşlə çəkmişəm ki, zərlərini görüb ürəyiniz getsin:D
Suuppper!! Bircə dəfə barmağımı batırmaqla bax bu rəng alındı! Piqmentliliyi göz qabağındadır! Zəri sevənlərin ayrılmaz sevimlisinə çevriləcək! Deyəcəksiniz ki, belə çox tərifləyirsən, bəs qiyməti nətərdi? Düzü, ELF ucuzdu, ucuzdu deyirik, amma bu kölgələrin biri 3 sterlinqədir ki, hardasa 4.50 AZN edir və cəmi 0.85qrdı. Hər rəngini istəsək, bir az baha başa gələ bilər. Amma o qədər gözəldilər ki, digər rənglərini də imkan düşdükcə almaq istəyirəm. Xüsusilə, Elegant, Caffinated, Natural, Confident, Sassy, nə bilim hamısını:D ELF mineral kölgələrindən 5-i zərsiz (tutqun), digər 21 kölgə isə belə zərlidir. Qızlar, siz nə düşünürsünüz bəs? Almağa dəyərmi?:D

4/14/2011

ELF normal rəngli nəmləndirici spf 15 vs. ELF studio rəngli nəmləndirici spf 20

Yenə bir ELF yazısı ilə qarşınızdayam:) ELF məhsulları haqqında gec yazmağımın səbəbi bir-bir sınaqdan keçirib fikrimin yaranmasına imkan verməkdi. Keçən alış-verişimdə 1.50sterlinqlik normal seriyadan və 3.50 sterlinqlik studio seriyasından isti havaların tonal krem əvəzləyicisi olan rəngli nəmləndiricini sifariş vermişdim. Beləcə toxumalarını, davamlılıqlarını sınaqdan keçirə bildim. Əvvəl studio seriyasının rəngli nəmləndiricisindən danışaq:

Beləcə şıq qutuda gəlir. Diqqət etdim ki, saytda 0.7oz/19.8qr göstərilməsinə baxmayaraq, əlimdəki 0.88oz/25ml-dir, yəni çoxdur:D Mən Yalın (nude) rəngini aldım, düppədüz rəngimə oturdu! Toxuması zərif və xəfifdi, ELFin tonal krem fırçası ilə rahatca yayılır. Aloe, xiyar və vitaminlərlə zəngin olduğundan xəfif aloe qoxusu verir, amma narahat edici deyil. Dəridə maska kimi hiss buraxmır. Örtücülüyü yoxdu, yəni tonal krem kimi qüsurları zadı örtmür. Ayrıca örtücüdən istifadə etmək lazımdı. Amma ehtiyatlamağı düşündüyüm məhsullardan oldu. Əsl yay malı - ağır tonal kremsiz və dərini nəfəs aldıran. Neytral alt tonlu bəyazdan açıq rəngə meylli dəriniz varsa, sizə tam uyğundur. Saytda da rənglərə görə nəmləndirici təqdim edilir. Məsələn, bunun əlimdə tünd görünməsinə baxmayın, üzümə tam oturdu:D


Gələk ELFin normal seriyasından olan rəngli nəmləndiricisinə. Gözlədiyimdən cıpcıqqılı gəlib çıxdı. 12 qramlıq bu balaca məhsulu aşağıda görə bilərsiniz:

Day bilmirəm, endirim kodunun həyəcanından oldu, ya yox, amma saytdakı ən açıq rəngi - fil sümüyü (ivory) rəngini almışam:D Mənim kimi açıqdan orta rəngə meylli üz dərim üçün bəəmbəyazdı:D Maska kimi qalır üzümdə, amma bunu çəkib üstündən orta tonlu pudram ilə sabitləyirəm, vəssəlam, ağappaqlıq bilinmir:) Qaldı ki, toxumasına. Studio nəmləndiricisindən daha ağır toxumalıdı və şəkərli bir iy verir ki, məni narahat edir, pudram sağ olsun, bu iyi örtür.
Üzümə güclə yayıram, fırça kömək etmir, süngər də lapp maska kimi göstərir. Odur ki, əlimlə çəkirəm. Ancaq dərsə gedəndə istifadə edirəm ki, əldən çıxsın, yoxsa neyniyəcəm bunu:/ Digər bloqlardan oxuduğuma görə, bu seriyanın elə ən xəfif (!) toxumalısı ivory rəngi imiş, o birilər bundan da ağırdı. Amma təbii ki, sınamadığımdan bilmirəm. Amma yenə alacağım bir məhsul deyil. Təbii ki, rəngli nəmləndiricidən nə gözlədiyinizdən asılı olaraq, fikriniz də dəyişə bilər. Aşağıda əlimə yaydığım rəngi göstərirəm, örtücülüyü orta səviyyədədi. Ay necə ağarmışam:D

Beləcə, qızlar, bu da mənim ELF rəngli nəmləndirici macəram. Soruşmaq istədiyiniz nəsə olarsa, mən həmişə burdayam;) Öpüldünüzz:**

4/12/2011

NYX pomadalarım gəldiii!! :D

İsti-isti gələn və əziz Benden Bişeylerin tövsiyəsi ilə ebaydən münasib qiymətə tapıb aldığım NYX pomadalarım 1 saat olmaz ki gəldi:D 30 martda ABŞ-dan göndərilən pomadalar 12 apreldə əlimdədi. Aldığım mağaza - Joy's Cosmetics istədiyin 6 NYX pomadasını 8.99 ABŞ dollarına satırdı, 6dollar da göndərmə pulu, beləcə, 15 dollara 6 pomada ala bildim ki, biri 2.50 dollara başa gəldi:) Aşağıda yaxşı qablaşdırmanı və mağazanın logosunu görürsünüz :D

Ayallaa:D Açaq görək içində nə var...

Daradadaaamm!! digər bloggerlərin NYXin round lipstick (yumrubaş pomada:D) dedikləri bu pomadalar yaman məşhurmuş! Qızların hazırladıqları svoçlara, youtube videolarına baxaraq bu 6 rəngi seçdim:D Qapaqlarını da açaq bir...

Gördüyünüz kimi, elə şirindilər kiii!!! Tezzz svoçlarım, dodağıma çəkdim, yalayıb dadına baxdım:D Bir sözlə, əlaaa!! Svoçlarını da sizlərə təqdim edib keçirəm müşahidələrimə:

Gördüyünüz rəngləri bir dəfə pomadanı sürtməklə əldə etmişəm, piqmentlilikləri göz qabağındadı, qiymətlərinə görə çoox yaxşıdılar! İnanılmaz kremli, rahat sürtülən, iysiz, dadsız və rəngini yaxşı verəndilər. Doll və Mars favorim olduuu!! Hələ də Doll dodaqlarımdadı:D Summer Love və Fig mənə heç yaraşmadı, Fig gözlədiyimdən çəhrayı göründü məndə, bəlkə dodağımın rəngindəndi, halbuki videolarda xəfif çəhrayı görsənirdi, məndə dəhşət pəmpəmpəmbiiş göründü ki, fuuu!! Amma bəyaz təniniz varsa, supeer yaraşacağından əminəm, mən bir az açıq rəngli və neytral tonlu insanam:) ELFin 3.50 sterlinq, yəni 4 manatlıq mineral pomadalarından daha yumşaq, rahat və kremlidirlər, dodağı nəmləndirirlər. Yəqin ki, digər rənglərini də imkan olan kimi alacam, xüsusilə, Femme rəngində gözüm qalııbb! O_o Bugünlük bu qədər:) Xoş həftə diləyirəm, canlarım, sual, arzu və təklifləriniz üçün burdayam:) Mucuklaarr:***

4/11/2011

ELF tutqun və piqmentli göz kölgəsi - Smokey və Naughty Noire

Nəhayət, tədqiqatımın ilk hissəsini tamamladım:D İndi isə sizinləyəm, qızlar! Böyük istəyi nəzərə alaraq, ikinci sifarişimdə əlimə çatan tutqun və piqmentli ELF göz kölgələrindən danışmaq istəyirəm. ELF UK saytına təzəcə gələn bu cicilərin hərəsindən bir dənə aldım ki, sınayım görüm nətərdi. Yazı boyunca fikirlərimi açıqlayacam:

Şəkildən də göründüyü kimi, sağ tərəfdəki tutqun, soldakı isə piqmentli göz kölgəsidi. Tutqun göz kölgəsinin Smokey (Dumanlı), piqmentdən isə Naughty Noire (dəcəl qara) rənglərini aldım (son vaxtlar niyəsə tünd, qara-qura rənglərə meyl edirəm, Allah axırını xeyir eləsin:D). Açaq görək bunların içində nə var:

Yenə fırçalı! Düzü heç istifadə etmirəm bu fırçalardan, cıqqılıdı və mənim gombuş gözlərimə çəkməkdə yaxşı deyillər:D Qapağını açan kimi, toz kölgə olduqlarından deşik-deşik qabda gəlirlər, bu deşiklərin üstündə şəffaf lent də vardı, onu çıxartdım, bu deşiklər göründü:) Deşikli toru çıxarsaaaaq:

...bax bu tozcuqlar görünür. Hər ikisi də 1.5qr, qiyməti isə hərəsinin 3.50 sterlinqdi, məncə, bahadı bu cıqqılı şeylərə görə. Məhsulun keyfiyyətinə gəlincə, möhtəşəm bir şey deyillər. Smokey kölgəsi yumu-yumu yumşaqdı, donuq, tutqun rəng yaradır və çox xəfifdi, elə bil kölgə çəkməmisən. Amma rəngini gec verir:/ Neçə dəfə üstündən çəkirəm ki, rəngi çıxsın. Naughty Noire piqmentinə gəlincə, adından göründüyü kimi çoox rəng verməsi lazım idi, amma yenə də, çox piqmentli deyil:/bir neçə dəfə üst-üstə çəkməli olursan, amma Smokey-ə görə daha çox rəng verir, elə bu da tutquna yaxındı, parlatmır gözləri. Yenə alarammı? Hmm, pulum aşıb-daşsa, boş-bekarçılıqdan, hə:D Bəlkə daha açıq rənginə də baxa bilərəm piqmentin. Amma gələcək istək siyahıma daxil deyil:) Aşağıda da svoçları qoymuşam, hələ astarla çəkmişəm bunları, belə görsənirlər, görün indi astarsız nətərdilər:D

Xəfif kölgə axtarırsınızsa, sevə bilərsiniz, amma heç əlim bunlara getmir hələ ki :/ İndi ELF UK saytında aldığınız hər şeyə 20% endirim təklif olunur, səbətinizə məhsulları əlavə edib kupon kodu yerinə MAGIC20EU kodunu daxil etsəniz, 20% endirim əldə edəcəksiniz bütün sifarişinizə. Bəlkə işinizə yarayar:) Siz ELFin bu yeni kölgələrini sınamısınızmı? Sizdə vəziyyət nətərdi?:)

3/31/2011

ELF dodaqları = Seductive və Party Pink!

Hə, əzizlərim, nəhayət, 2-ci ELFimin də gəlməsi ilə aldıqlarımı sırayla sınaqdan keçirməyə başladım bu həftə və sıra ilə görüb yaşadıqlarımı sıra ilə sizlərə çatdıracam:) təbii ki, əvvəlcə əlim pomadalara uzandı:D Beləcə qarşınızda, ELF normal seriyadan olan Seductive (Başdan çıxaran) və ELF mineral seriyadan olan Party Pink (Şənlik Çəhrayısı)! Qablaşdırmaları bax beləcədi (Seductive-inkini söküb dağıtdım:D)

Normal seriyadan 1.50 funt sterlinqə aldığım Seductive və 3.50 funtluq Mineral party pink!




Seductive-dən başlayaq. İsti tonlu çəhrayı və kremli olan bu pomadanı ilk dəfə açdığımda şirin qoxu ətrafı bürüdü. Şirin vanil mi desəm, şəkər mi desəm, xoş iy verir, nyam nyam! Əvvəl çətinliklə çəkilirdi, amma çantada qala-qala yumşaldı və daha sözə baxan olub:) Rəngini çoox yaxşı verir! Ürəyim getdi bu rəng üçün! Qalıcılığı da deyim elə-belə deyil, dünən dərsə gedəndə çəkdim və 3 saatdan sonra gələndə hələ də dodaqlarımda çəhrayılıq qalmışdı. Hələ tez-tez yeniləsək, ohoo! ELFin normal seriyasından gözüm Classy və Fantasy-də qalıb, görüm neynirəm:D
Mineral seriyasından olan Party Pinkə gəlincə, saytda görən kimi, dedim "Bəbişim, mənim olmalısan!" Əsl istədiyim rəng bax budu! Nə narıncı, nə çəhrayı, nə yalın. Dodağa ilıq çəhrayı-narıncı rəng verir və çəkilməsi Seductive-ə görə daha çox kremli və rahatdı. Mineral olduğu üçün də paraben, prezervativ və bu kimi şeylər yoxdu tərkibində. Qutusu da super! Sadə və şıq! Nələri istəmirəm ki bu seriyadan, imkan olsa, hamısını ələ keçirəcəm bir pomada kolleksioneri olaraq:D

Svoçlarından da gördüyünüz kimi, Party Pink daha kremli və zərifdi, Seductive isə rəngdə daha əladı. Baxın əzizlərim, sizə hansı tipli pomadalar daha xoşdursa, sınaqdan keçirin. Almağa dəyər pomadalardı, hər dəfə ELF-dən sifariş verəndə mütləq bir dənə pomada atıram səbətimə:D Buradan və buradan ELF pomadalarına baxa bilərsiniz. Yeri gəlmişkən, diqqət yetirdiysəniz, Gypsy əksikdi:D Onu açmağa qıymadım və sizlərə saxladım, canlarım. Sürprizlə qarşınızda olacam yaxınlarda :) Öpüldünüz:*

3/28/2011

E.L.F. Kosmetikası = Natural Radiance Ənlik + Göz Astarı və Göz Layneri + Göz qapağı astarı + Minerallı Üz Astarı

Aman Allahım! Bu kosmetikanı kəşf etdiyimdən bəri elə hey alıram! Allah axırını xeyir elesin, sökülmüşəm:D Bu yaxınlarda yaman çox E.L.F yazıları görəcəksiniz:D 
E.L.F. haqqında bir az danışım. Amerika Birləşmiş Ştatlarının buraxdığı Eyes Lips Face yalnız Veb sayt vasitəsilə ucuz və eyni zamanda, rəqabətə davamlı məhsullarını satmaqdadır. Amerikada "1 dollarlıq kosmetika" kimi bilinən bu marka Birləşmiş Krallığın saytında 1.50, 3 və 3.50 funt sterlinq qiymətinə Avropaya, eyni zamanda, Türkiyə və Azərbaycana satılır, minlərlə sevəri də var. Geniş məhsul çeşidinin ucuz olmasına baxmayaraq (marka ucuz olmasının səbəbini məhsullarının qablaşdırmasına xüsusi bəzək vurmaması ilə əlaqələndirir), bir çox böyük firmalarla rəqabət edə bilir. Elə isə gələk mənim ilk E.L.F. sifarişimə:D 2 həftəyə çatdı əlimə.

 Soldan sağa ELF peşəkar seriyasında Natural Radiance Blusher (ənlik), ELF Eye primer and Liner Sealer (Göz astarı və layner yaradan), ELF eyelid primer (göz qapağı astarı) və Mineral İnfused Face Primer (Minerallı Üz Astarı). Bu cicilərə göndərmə pulu ilə 16.45 funt sterlinq ödədim. Pis deyil. Aşağıda da qutudan çıxmış formaları:

Başlayaq, 1.50 funtluq göz qapağı astarından. 

Göz kölgəsinin uzun müddət gözdə qalması, təkcə onun piqmentliliyindən və toxumasından asılı deyil. Yaxşı astar kölgənin uzun müddət və öz rəngində qalmasını təmin edir, bir neçə saat sonra belə kölgə uçub getmir. Düzü, ELF-in bu eyelid primer dediyi astarı elə də super deyil, kölgənin ömrünü uzadır, amma qələmin yox:D Qabından azacıq çıxarıb göz qapaqlarına çəkib əlimlə yayıram (fırça ilə də edə bilərsiniz), sonra göz makiyajımı edirəm. Bir az iyi qəribə gəlmişdi ilk dəfə açanda, amma sonra öyrəşdim deyəsən:D Aşağıdakı svoçda sol tərəfdə astarsız, sağda isə eyelid primer-lə çəkdiyim Arezianın qəhvəyi kölgəsini görürsünüz:


İndi keçək, 3.50 funtluq ELFin studio seriyasından aldığım göz astarım və maye layner yaradanıma.

Gördüyünüz pomadaya bənzər tərəfi astardı. Yenə eyni qaydada çəkirəm, amma bu astar yuxarıda bəhs etdiyim digər astardan daha zəifdi, elə-belə yüngül makiyaj - nə bilim, dənizə gedib edəndə makiyaj çəkmək istəyirsinizsə və ya "astarın olması astarsızlıqdan yaxşıdı" deyib kölgənizi bir az vurğulamaq istəyirsinizsə, işinizə yaraya bilər. Aşağıdakı svoçda solda eye primer və sağda astarsız çəkdiyim Arezia qəhvəyi kölgəmi görə bilərsiniz. Elə çox fərq yoxdu, hə? (Kompüterim də fondadı:D - Rek-lam-lar:D)

Line sealer dediyimiz maye layner yaradandan isə hələ istifadə etməmişəm, düzü, maye laynerdən istifadəyə hələ risk eləmirəm:D Edincə, geniş təcrübəmi sizə yazacam. İndi gələk 6 funtluq minerallı üz astarına.

Ümumiyyətlə, markaların minerallı məhsullarından istifadə etməyə çalışın, çünki onlarda paraben kimi dəriyə ziyanlı maddələr olmur. Adətən, digər seriyalardan daha bahalı olur, amma neynəmək olar, hərdən bir az artıq pul ödəmək lazımdı. Üz astarına gəlincə, üz astarlarının məqsədi üzü hamar və qüsursuz makiyaja hazırlamaq, tonal kremin rahat çəkilməsini təmin etmək və dərini qorumaqdır (makiyajın da uzun müddət qalmasını təmin edənlər də var). Bu üz astarından belə istifadə edirəm: üzümü yaxşıca yuyub nəmləndirdikdən sonra, azacıq miqdarda (hələ bu şəkildə çox qoymuşam) əlimə vurub bütün üzümə yayıram, bircə damcısı bəsdi ki, bütün üzə çatsın, çox çəksəm, üzümü yağlı hiss etdirir - ona görə, əgər yağlı dəriniz varsa, ya çalışın bu məhsulu almayın, alsaz belə, çoox az çəkin, çünki həddini aşanda üzünüzə yağ çəkmiş kimi hiss edəcəksiniz:D Belə rəngsiz olması da əladır. Makiyajı də çox yaxşı saxlayır, 6 saatdan sonra belə tonal kremim olduğu kimi qalır, hamar görünür dərim. Mən kifayət qədər məmnunam və bitincə, yenə almağı düşünürəm.
Nəhayət, son məhsulumuz - ELFin peşəkar seriyasından 1.50 funtluq Natural Radiance Blusher - Glow (təbii parıltı ənliyi - parla) ilə qarşınızdayam.

Gördüyünüz kimi, narıncı rəngli ənlik xəstəliyim burda da davam edir:D Xəfif parıltılı (daha doğrusu, işıqlı) narıncı-çəhrayı ənlik cıpcıqqılıdı, amma rəngini yaxşı verir, elə piqmentli deyil, ilk dəfə fırçanı vurarkən, o dəqiqə toz-toz olmuşdu, bir az ehtiyatla işlətmək lazımdı. Bundan vurğulayıcı (highlighter) kimi almacıq sümüklərimin altına nazik xətt kimi istifadə edirəm adətən və kölgə verirəm. Qalıcılığı ortadı, 6 saata bir şey qalmır amma:D Yaz günlərində xəfif makiyaj üçün yaxşı işə yarayır. Aşağıda da barmaqlarımdakı svoça baxa bilərsiniz:


Hə, əzizlərim, bu da mənim ELF təcrübəm. Əgər siz də, ucuz qiymətə kifayət qədər yaxşı məhsullar almaq istəyirsinizsə, eyeslipsface.co.uk saytına baş çəkin. Azərbaycana da məhsul göndərir;) Feysbukda da izləyərək, ELF Cosmetics fan səhifəsi hər 5000 layk qazandıqdan sonra təmin etdiyi kupon kodlarından yararlanaraq, pulsuz göndərmə və ya 20% tam endirim əldə edə bilərsiniz. Hal-hazırda, 130,000 layk əldə etdiyi üçün ELF aldığımız bütün məhsullara 20% endirim təklif edir: sadəcə, səbətinizə məhsulları atdıqdan sonra kupon kodu yerinə PERFECT20EU kodunu daxil edin, göndərmə yeri kimi European qeyd edin və O-lala:D Təklif sabah səhər 9-a kimi (İngilitərə vaxtı ilə) sona çatır. Mübarəksiniz, canlarım:) Mucuklar:*

3/25/2011

Aura Kosmetikası: Meyvəli ənlik - şaftalı fışıltısı

Cheapsmells faciəsi haqqında bu yazımda danışmışdım. Birinci sifarişlərim gəlib çatmamış şaftalı rəngli Aura ənliyini görüb, tezz aldım. Cici qutusunda gəldi:

Qutunu açdıqda, iyrənc Aura makiyaj astarı təcrübəmə əsaslanaraq, ümidlərimi kəsmişdim. Amma bu ənlik məni yanıltdı. Əsl istədiyim rəng və piqmentliliyə malikdir:

Fləşlə çəkdim ki, içində azacıq parıltıları görə biləsiniz. Balaca olsa da, rəngi elə yaxşı verir ki, uzun müddət istifadə edəcəyimə əminəm. Fırçanı xəfif batırmaq bəs edir. Gördüyünüz rəng bir az tünd görünür, amma mərcani-portağal rəngindədir. Golden Rose terracottamdan sonra bu şirinə də sevimlimə çevrildi. Qiyməti də çox ucuz idi, 2-3 funt sterlinqə olardı, indi cheapsmellsdə görmədim, hər halda, qısa zamanda gətirilər. Aşağıda əlimi bir dəfə vurmaqla alınan rəngi göstərirəm:



Almacıq sümüklərinə paylayaraq, təbii utancaq (!) görünüş yaratmaq olur. Dərimin rəngi bir az tünd olduğundan çəhrayı ənliklər məndə çooox süni durur, onun üçün belə şaftalılar blushing effect (utancaqlıq effekti) yaratmaqda birəbirdir:D Neçə vaxtdı, bu günəşli yaz günlərində əlim bu ənliyə gedir ^^ Bəs siz Aura kosmetikasından nəyisə sınaya bilmisinizmi? Nələri tövsiyə edərdiniz?

3/13/2011

Suyadavamlı gel göz layneri EG09 Parlaq ağ - ebay alış-verişim

Kompüterin qabağında otura-otura onlayn alış-verişə yaman aludə olmuşam. Xoşuma gələn çox şeyi demək olar ki, almışam, indi də qənaət etməkdən dağılıram:D Keçən həftələrdə ebay.com saytından gel göz layneri axtara-axtara tapıb aldım. 6.49 dollara və pulsuz göndərişlə əldə etdim bu cıqqılını:

Cəmi 3 qramdı, amma gel toxumalı olduğundan uzun gedəcəyini gözləyirəm. Parlaq, şəffaf ağ rənglidir və barmağımla göz kölgəsi astarı kimi göz qapaqlarıma və göz bulağıma çəkirəm. Effekti super! Təəsüf ki, göz makiyajımın şəkillərini bəzi səbəblərdən qoya bilmirəm bura, amma bu göz layneri ilə bir səviyyə artmışam göz makiyajımda:D Layner olduğundan, göz layneri fırçanızla kirpik xəttiniz boyunca da çəkə bilərsiniz. Xəfif işıltı verəcək. Xumar (smokey) göz makiyajı yaratmaqda əladır - qara gecə paltarı + xumar göz makiyajı, çəhrayı pomadaa O_o Adı-familiyası təəssüf ki, yoxdur bu göz laynerin. Elə ebay-dəki celia-makeup mağazasından ala bilərsiniz. Fərqli rəngləri də var, amma astar kimi istifadə etməyi düşünürsünüzsə, bu EG08 sizin üçündür.

Əlimdəki fləşsiz çəkdiyim svoçdan parıltılar yaxşı görünmür, amma zərli ağlı görünüş verir. Tək problemi - təbii ki, astar kimi uzun müddət sabit qalmır. Mənim kimi, yağlı göz qapaqları olanlara bildirilir! :) Öpücüklər:*

3/11/2011

Oriflame dodaqları - Power Shine + Very Me Oh My Gloss + Very Me Clickit

Ankaraya yağan ağır qara görə və boynumu incitdiyimdən blogumdan bu qədər uzaq qalmışdım, əzizlərim. Nəhayət ki, yeni yazılarla qarşısınızda olacam:) Bu gün sizə Oriflame-dən aldığım dodaq məhsullarından danışmaq istəyirəm. Yəqin ki, Power Shine pomadalarını nə qədər çox sevdiyimi bilirsiniz. Endirimdəykən, 2-ci katalogundan 2 dənəsini - Pink Elixir və Hot Peach aldım. Çoxdandır ki, very me clickit dodaq parıldadıcısını və rəngləndiricisini də sınaqdan keçirmək istəyirdim. Elə Very me Clickit dodaq parıldadıcısından Baby Pink, dodaq rəngləndiricisindən raspberry (moruq) olanını aldım. Bir də, Very me Oh My Gloss meyvəli parıldadıcılardan Naughty makiyaj çantama daxil oldu:D

Əvvəla, ilk başdakı yemiş qoxulu Power Shine cicilərindən başlayaq.

Həmişəki kimi, rəngini inanılmaz dərəcədə yaxşı verir və dodaqları nəmli saxlayır. İçindəki kiçik parıltılar dodaqları zərli göstərir, gün işığında par-par yanırsan:D Pink Elixir yeni favorimə çevrildi, xüsusi günlərimdə istifadə edirəm. Amma yenə də bir mənfi cəhəti də uzun müddət qalmamasıdı. Sınadım, yeyib içmədən 3 saat qala bilir dodaqda. Tez-tez yeniləmək lazımdı. Amma buna dəyər məncə :D Bunları mən Azərbaycan kataloqundan hərəsini hardasa, 6 manata almışdım. Bu qiymətə görə kifayət qədər yaxşıdı.


Gördüyünüz bu cici də Very me Oh my gloss parıldadıcısıdı. Oriflame-in gənclər üçün buraxdığı Very me seriyasını çox sevirəm! Hər məhsulunu sınaqdan keçirməyə cəhd edirəm və hələ ki, razı qalmadığım olmayıb:D Bu parıldadıcı da 6 rəngdən ibarətdi, məktəbdə oxuyarkən hələ bunlardan istifadə edirdim. Kataloqda görüb duyğulandım yaman :D cəmi 3-4 manata olan bu şirinə yaxşı tünd çəhrayı rəng verir və dodaqları qurutmur, nəmli göstərir. Endirimə girməsini gözləyirəm ki, yenilərini ala bilim:D

Nəhayət, Very me Clickit dodaq parıldadıcı və rəngləndiricisi! 2.99 manata aldım hər birini və rəngləndirici xüsusilə, könlümü oxşadı! Rəngini özünüz nizamlaya bilirsiniz, dodağınıza xəfif çalar da verə bilərsiniz, tünd çəhrayılıq da. Dadı da şirindi ^_^ Rəngləndirici olduğundan, normal pomadaya görə daha uzun müddət qalır. Üstündən parıldadıcı da çəksəniz, həm rəngli, həm parıldayan olursuz. Amma ikisinin də mənfi cəhəti yapışqanlıq hissi verməsidi. Parıldadıcıdan elə çox şey gözləməyin. Sadəcə, nəmli göstərsin dodaqlarımı, parıldatsın, həm də ucuz olsun deyirsinizsə, bu, sizin məhsulunuzdur. Bir sözlə, Oriflame hamımızı düşünüb - parlaqlıq istəməsəniz, rəngləndirici bəsinizdi, yox, parlaq dodaqlar favorinizdirsə, parıldadıcı ilə dodaqlarınızı tamamlayın. Ortada konnektoru da yaxşı düşünüblər - bitişdir, at çantana, nə vaxt lazım olsa, tezbazar çək, çıx - əsl gənc malı:D Aşağıda da svoçları görürsünüz - pomadalardakı parıltıları göstərmək üçün fləşlə çəkdim. 

Soldan sağa - Power Shine Pink Elixir, Power Shine Hot Peach, Very me Oh my Gloss - Naughty, Very Me Clickit parıldadıcı - Baby pink, Very Me Clickit dodaq rəngləndirici - Raspberry. Yəqin ki, Oriflame-də əl çəkə bilməyəcəyim şey varsa, o da pomadalarıdı. Bəs əzizlərim, sizin sevimli Oriflame pomadalarınız hansılardı?

2/03/2011

Türk markası Golden Rose

Türk kosmetika markaları ilə davam edirik. Bu dəfə Azərbaycanda özünə çox yaxşı yer eləyən Golden Rose-dan danışmaq istəyirəm. Axır vaxtlar yaman çox tez-tez adını eşidirik, TV proqramlarına sponsorluqda, reklamlarda çox görürük. Yəqin dırnaq boyasından istifadə etmisiniz. Tez tapıla bilməsi də onu sevilən markaya çevirir. Düzü, mən də Ankaraya gedənə kimi ancaq Golden Rose-un dırnaq boyalarından istifadə edirdim, amma əvvəl tərəddüd etsəm də, başqa məhsullarını da sınamağa qərar verdim :)


Gördüyünüz soldan sağa 07 nömrəli stik tonal krem və 101 nömrəli Terracotta ulduz tozu ənlikdir.

Düzünü deyim, indiyə kimi ilk dəfə idi ki, stik tonal kremdən istifadə edirdim, amma indi bu cici şey fövqəladə hallarda xilaskarımdır. Əvvəl deyim ki, yüksək örtmə qabiliyyətinə malikdi, hətta bəlkə lazım olandan da çox :D rahat çəkilir və üstü pudra ilə qapananda yağlılığı hiss olunmur. Bu tonal kremdən razı qalmadığım yeganə xüsusiyyəti qəribə plastilin iyinin gəlməsidi. Əvvəllər çox narahat olurdum ki, dərimə ziyanı olar, amma çox şükür indiyə kimi heç bir narahatlıq və ya qıcıqlanma ilə qarşılaşmamışam. Düzü, bundan çox vaxt korrektor kimi istifadə edirəm, gozaltıma və ya qəfil çıxan civzəmə çəkirəm, yaxşıca örtür. Yenə bu məhsulu almaram amma, rahatlıqla onu əvəz edə biləcəyimi düşünürəm;) Odur ki, hələ də əl çəkə bilməyəcəyim tonal krem axtarışlarım davam edir:D


Ənliyə gəlincə, əsl mən deyəndi!! Həm xəfif parıltı verir, qalıcılığı ortadı və qızılı-qəhvəyi rəngini çox yaxşı göstərir. Xüsusi günlərimdə məhz bundan istifadə edirəm. Gözlədiyimdən yaxşı çıxdı ;) Bir çox bahalı markalara daş çıxarar türklər demiş:D Həm də 10 qramdi, işlət işlət bitməz:D 

 Qiymətlərinə gəlincə, düzü, Azərbaycandakı qiymətlərdən xəbərim yoxdu. Ankaradan mən bu cütlüyə noyabr ayında 24 TL verdim, deyəsən, ənlik 18 TL idi. Qiyməti də münasibdi. Məncə, belə markalara da şans vermək lazımdı, həqiqətən də, bahalı markaların rahat əvəzedicisi ola bilər. Bunlardan başqa, dodaq məhsullarını da sınamaq istiirəm, alıb istifadə edən kimi mənfi və müsbət cəhətlərini yazacam;) Golden Rose-un məhsul çeşidini görmək üçün buraya tıq-tıq ;) Golden Rose mövzusunu başlatmışkən, yaxın günlərdə bir çox dırnaq boyası ilə qarşınızda olacam, stay tuned! ;)