Səhifələr

Showing posts with label thefaceshop. Show all posts
Showing posts with label thefaceshop. Show all posts

1/01/2015

2014-cü ilin sevimliləri

Yeni ildən yeni xəbərlərlə xoş gördük. Ümidvaram, hər kəs ürəyincə 2014-cü ili yola salıb Yeni ili qarşıladı. Beləcə, ilk ayın ilk gününün son saatlarında sizlərlə 2014-cü ilin sevimli məhsulları haqqında danışmaq istəyirəm.

Olduqca çox sevimlilərim olsa da, istifadə etmə tezliyimə, tərkibinə görə və "yenidən alacağam" dediyim top 5 məhsulu seçməyə çalışdım.

5. Victoria's Secret Sheer Love Body Butter - Victoria's Secret bədən yağlarının şöhrətini hər kəs bilir və mən də sınamaq üçün 2014-cü ilin başlarında tərəddüdlə aldım - çünki məlumdur ki, body butterlar olduqca yağlı ola və mənim kimi yağlı dərili insanı pis vəziyyətdə qoya bilər. Lakin gözləntilərimin əksinə, olduqca yüngül teksturalı bu bədən yağı qalıcı, mükəmməl zərif pambıq və zanbaq ətri ilə adamı valeh edir, gün ərzində özünü qoxulamaqdan əl çəkmirsən. Qiyməti endirimlə 10 dollara gəlib çıxırdı. Yaz gəlməmiş, yeni bir Victoria's Secret alış-verişinə hazırlaşıram = )



4. İnstitut Arnaud Beaute Pure aydınlaşdırıcı losyon tonik - Arnaud məhsulları hər il sevimlilərim siyahısına girir - 2010-cu il sevimliləri haqqında oxumaq üçün buraya baxa bilərsiniz - təsadüfən İdeal mağazalar şəbəkəsində kəşf etdiyim bu məhsulları hələ də istifadə edirəm. Bu il losyon-tonik ən sevimlimdir! Dərim qışda həssaslaşıb göynəyə bilir, odur ki, üzümü yuduqdan sonra bu toniklə silmək bəs edir ki, dərim təmiz hiss etsin və nəfəs alsın. Həm də qarışıq-yağlı dərilər üçün əladır, yağlılıq və ağırlıq hiss etmir. Arnaud ətri də narahat edici deyil. 21 AZN-ə İdealdan ala bilərsiniz (2014-də bu qiymətə idi ən azı =)


3. Skin79 Super BB Krem - Koreya məhsullarının ən çox tanınanı və istifadə olunanı deyərdim - BB krem. 2012-ci ildə Avropa markalarının BB kremlərini sınasam da, yağlılığı və süniliyi bütün həvəsimi öldürmüşdü. Keçən ilin əvvəlində Koreya markalarını sınamağa başladığımdan bəri tonal kremdən əl çəkmişəm :D Missha, Etude House və sonra Skin79 istifadə edərək, nəhayət Skin79 BB kreminin yağlı-qarışıq dərimə daha çox uyğun gəldiyini gördüm. 40 q-lıq bu BB krem dərini yağlandırmadan zərif rəng qatır, hamarlayır, SPF 25 ilə günəşdən qoruyur. Örtücülüyü xəfifdir, tonal krem funksiyası daşımır, tam örtük istəyirsinizsə, məyus ola bilərsiniz, amma hamar rəng qataraq üzü canlandırır. Yenidən alacaqlarım sırasındadır. Bu məhsulu Namu Koreya kosmetikası dükanından almışdım və qiyməti hardasa 23-24 AZN-dir. 6 aydan çoxdur ki işlədirəm və qurtarmağına az qalıb :( Gözlə, məni, Namu, yenə gəlirəm!


2. Raen Herbal Body Lotion ( Raen Bitkili Bədən losyonu) - təsadüf nəticəsində - vanil qoxusuna aşiq olduğum üçün - tapıb aldığım, markasını tanımadığım, amma tərkibi bitki mənşəli olduğu üçün pul verdiyim məhsul idi. Payız-qış aylarının əvəzedilməz qoxusu vanilli bu losyonu iyləyəndə vanil məcunu iyi hiss edirsən, sanki vanilli çay içirsən. Rəngi qəhvəyili bu xəfif losyon dərini nəmləndirir, çox yumşaltmır, yağlandırmır və ən əsası, dadı acı deyil! Hətta 1 gün ərzində bədəndə qalıcılığını sınamışam! Maraqlıdır ki, Türkiyədə istehsal olunur :) Bakıda təzəcə açılan onlayn mağaza - Modahadan 10 AZN-ə almışdım və gözüm hələ də ordadır ki, başqa qoxularını da alım = )


1. The FaceShop Face it dırnaq boyası - və ilin bombası! Gördüyüm anda vurulduğum dırnaq boyası idi və Koreya dəriyə qulluq dünyasına baş çəkdiyim vaxtlarda kəşf etmişdim. Mənim kimi istedadsız bir qız üçün əvəzedilməz olan, içində ağ və qırmızı ürək, dairə, ulduz olan bu dırnaq boyasını rəngi uyğun gələn istənilən dırnaq boyasının üstündən çəkəndə cansıxıcı boyanı həyəcana çevirir. Bunu istifadə etdikdə olduqca kompliment almışam = ) Qalıcılığı ortadır, 2 gün salamat qala bilər. Bu boya ilə bağlı ayrıca yazı yazacağım üçün daha ətraflı yazmıram. Yenə Namu Koreya kosmetika dükanından 4-5 AZN-ə tapmaq olar. Bu seriyanın bir çox başqa dizaynlı formaları da var və yeni yazımda onlarda da bəhs edəcəm!



Bəli, bu da son. Bu da 2014. Bəs sizin 2014-cü ildə sevərək istifadə etdiyiniz və doymadığınız məhsullar hansılardır?

12/30/2014

Yeni ilə hazırlıq və ya 2014-ün son günü

Əzizlərim, 2014-cü ilin ilk (adam kimi oturub yazdığım) və son yazısını kosmetika və qulluğa ayırmayıb, bir az haşiyəyə çıxaraq köhnə (yazıq 2014) ilin yola salınması və 2015-ci ilin qarşılanmasına həsr edəcəyəm. Niyyətim köhnə elə yeni adət gətirmək və ya uzun uzadı Yeni il tədbirlərindən danışmaq deyil.

Yeni il axşamına rəng qatmaq üçün türklərin çekiliş, ingilislərin raffl ("raffle"), Azərbaycanca isə Yeni il oyunu kimi tərcümə etdiyim əyləncəli evdə hazırlanan oyundan bəhs edəcəm.

Oyunun şərtləri belədir:

1) Sağda gördüyünüz kağızlara oynamaq istəyən qonaqların adlarını yazırsız. Eyni zamanda, hər biletin öz nömrəsi olur. Bu kağızları kəsib qonağa verirsiniz və eyni nömrəli kağızı bir qutu və ya bankanın içinə atırsınız. Beləcə, nə qədər kağız kəsib vermisinizsə, həmin sayda da kağız bankada və ya qutuda olmalıdı. Özünüz də bu kağızları düzəldə və ya mənim kimi istedadlı deyilsinizsə, onlayn saytlardan yükləyə bilərsiniz :D Mən bu saytdan yüklədim: http://freeprintablesonline.com/wp-content/uploads/downloads/2012/12/Christmas-Raffle-Tickets.pdf 



Whsmith mağazasından aldğım polka dotlu
qələm (1.20 AZN) və blaknot (1.4 AZN)
2) Daha sonra mən evdən ayırdığım və hədiyyə olaraq aldığım kiçik, cici hədiyyələri ayırıb qoyuram. Kremdən kitaba, qələmdən ətir nümunələrinə kimi hər zövqə uyğun hədiyyələr ayırmağa çalışdım. Keçən il daha çox mamaları düşünüb kiçik mətbəx əşyası (Zel home-dan fincan, Bazar store-dan limon sıxan) kimi hədiyyələr də qoymuşdum, amma bu ilki hədəf kütləm daha çox yeniyetmə və gənclərdi :D




Lola Rose vanna geli və bədən kremi (dəstin bir hissəsi - ikisi 7 AZN) və
 The Face Shop Yaşıl çay bədən kremi (10 AZN)
3) Bütün kağızları banka və ya qutuya yığandan sonra hamı yığılır və hədiyyələr bir-bir göstərilərək hər dəfə qutudan bir kağız çıxarıb ordakı rəqəmi oxuyursan və voila! Kimdə həmin rəqəmdirsə, o hədiyyəyə sahib olur = )







Kimə nə hədiyyə çıxacağı bilinmədiyi üçün olduqca intriqalı oyun ola bilər, hələ qırğın salan dostlarınız varsa = ) 
Jan Kristofi Granjın Kaiken əsəri (23 TL - 8 AZN), Sabina mağazasından məhsul alanda hədiyyə verilən Lacoste, Gucci Guilty Black, Dior Aqua Fahrenheit, Gucci Gucci kişi ətri nümunələri, Sabina blaknot və təqvimi (Sabinadan yeni il hədiyyə alış-verişi haqqında ayrıca yazacam)

Və ümumi götürəndə bütün hədiyyə və çapa çəkdiyim xərc 28 AZN tutdu. Siz də bu əyləncədə çoxdan alıb istifadə etməyə imkanınızın olmadığı ətir və baxım ürünlərinizi, karandaş, jurnal, fincan, şam və bu kimi xırda olub amma xoşbəxt edən məhsulları da hədiyyə kimi istifadə edə bilərsiniz.

Beləcə, bu oyunla son ili gülərək yola salıb bərəkət gözləmək qalır bizdən = ) Hər kəsə bol sevincli, canlı, sevgi və gülüş dolu, xeyirli bir 2015-ci il diləyirəm ^_^ Hər anın dadını çıxarın və xoşbəxt olmağı unutmayın! O klişe cümləni mən də işlədəcəyəm: 2015-ci ildə görüşmək ümidilə! Nihahaa = )