Səhifələr

Showing posts with label ideal. Show all posts
Showing posts with label ideal. Show all posts

1/01/2015

2014-cü ilin sevimliləri

Yeni ildən yeni xəbərlərlə xoş gördük. Ümidvaram, hər kəs ürəyincə 2014-cü ili yola salıb Yeni ili qarşıladı. Beləcə, ilk ayın ilk gününün son saatlarında sizlərlə 2014-cü ilin sevimli məhsulları haqqında danışmaq istəyirəm.

Olduqca çox sevimlilərim olsa da, istifadə etmə tezliyimə, tərkibinə görə və "yenidən alacağam" dediyim top 5 məhsulu seçməyə çalışdım.

5. Victoria's Secret Sheer Love Body Butter - Victoria's Secret bədən yağlarının şöhrətini hər kəs bilir və mən də sınamaq üçün 2014-cü ilin başlarında tərəddüdlə aldım - çünki məlumdur ki, body butterlar olduqca yağlı ola və mənim kimi yağlı dərili insanı pis vəziyyətdə qoya bilər. Lakin gözləntilərimin əksinə, olduqca yüngül teksturalı bu bədən yağı qalıcı, mükəmməl zərif pambıq və zanbaq ətri ilə adamı valeh edir, gün ərzində özünü qoxulamaqdan əl çəkmirsən. Qiyməti endirimlə 10 dollara gəlib çıxırdı. Yaz gəlməmiş, yeni bir Victoria's Secret alış-verişinə hazırlaşıram = )



4. İnstitut Arnaud Beaute Pure aydınlaşdırıcı losyon tonik - Arnaud məhsulları hər il sevimlilərim siyahısına girir - 2010-cu il sevimliləri haqqında oxumaq üçün buraya baxa bilərsiniz - təsadüfən İdeal mağazalar şəbəkəsində kəşf etdiyim bu məhsulları hələ də istifadə edirəm. Bu il losyon-tonik ən sevimlimdir! Dərim qışda həssaslaşıb göynəyə bilir, odur ki, üzümü yuduqdan sonra bu toniklə silmək bəs edir ki, dərim təmiz hiss etsin və nəfəs alsın. Həm də qarışıq-yağlı dərilər üçün əladır, yağlılıq və ağırlıq hiss etmir. Arnaud ətri də narahat edici deyil. 21 AZN-ə İdealdan ala bilərsiniz (2014-də bu qiymətə idi ən azı =)


3. Skin79 Super BB Krem - Koreya məhsullarının ən çox tanınanı və istifadə olunanı deyərdim - BB krem. 2012-ci ildə Avropa markalarının BB kremlərini sınasam da, yağlılığı və süniliyi bütün həvəsimi öldürmüşdü. Keçən ilin əvvəlində Koreya markalarını sınamağa başladığımdan bəri tonal kremdən əl çəkmişəm :D Missha, Etude House və sonra Skin79 istifadə edərək, nəhayət Skin79 BB kreminin yağlı-qarışıq dərimə daha çox uyğun gəldiyini gördüm. 40 q-lıq bu BB krem dərini yağlandırmadan zərif rəng qatır, hamarlayır, SPF 25 ilə günəşdən qoruyur. Örtücülüyü xəfifdir, tonal krem funksiyası daşımır, tam örtük istəyirsinizsə, məyus ola bilərsiniz, amma hamar rəng qataraq üzü canlandırır. Yenidən alacaqlarım sırasındadır. Bu məhsulu Namu Koreya kosmetikası dükanından almışdım və qiyməti hardasa 23-24 AZN-dir. 6 aydan çoxdur ki işlədirəm və qurtarmağına az qalıb :( Gözlə, məni, Namu, yenə gəlirəm!


2. Raen Herbal Body Lotion ( Raen Bitkili Bədən losyonu) - təsadüf nəticəsində - vanil qoxusuna aşiq olduğum üçün - tapıb aldığım, markasını tanımadığım, amma tərkibi bitki mənşəli olduğu üçün pul verdiyim məhsul idi. Payız-qış aylarının əvəzedilməz qoxusu vanilli bu losyonu iyləyəndə vanil məcunu iyi hiss edirsən, sanki vanilli çay içirsən. Rəngi qəhvəyili bu xəfif losyon dərini nəmləndirir, çox yumşaltmır, yağlandırmır və ən əsası, dadı acı deyil! Hətta 1 gün ərzində bədəndə qalıcılığını sınamışam! Maraqlıdır ki, Türkiyədə istehsal olunur :) Bakıda təzəcə açılan onlayn mağaza - Modahadan 10 AZN-ə almışdım və gözüm hələ də ordadır ki, başqa qoxularını da alım = )


1. The FaceShop Face it dırnaq boyası - və ilin bombası! Gördüyüm anda vurulduğum dırnaq boyası idi və Koreya dəriyə qulluq dünyasına baş çəkdiyim vaxtlarda kəşf etmişdim. Mənim kimi istedadsız bir qız üçün əvəzedilməz olan, içində ağ və qırmızı ürək, dairə, ulduz olan bu dırnaq boyasını rəngi uyğun gələn istənilən dırnaq boyasının üstündən çəkəndə cansıxıcı boyanı həyəcana çevirir. Bunu istifadə etdikdə olduqca kompliment almışam = ) Qalıcılığı ortadır, 2 gün salamat qala bilər. Bu boya ilə bağlı ayrıca yazı yazacağım üçün daha ətraflı yazmıram. Yenə Namu Koreya kosmetika dükanından 4-5 AZN-ə tapmaq olar. Bu seriyanın bir çox başqa dizaynlı formaları da var və yeni yazımda onlarda da bəhs edəcəm!



Bəli, bu da son. Bu da 2014. Bəs sizin 2014-cü ildə sevərək istifadə etdiyiniz və doymadığınız məhsullar hansılardır?

2/15/2011

2010-cu ildə dərimin sevdikləri :)

Hə, 2010-cu ildəki sevimli makiyaj məhsullarımdan sonra indi növbə ötən ildə dərimə etdiyim qulluq zamanı sevimlimə çevrilən cicilərdədi. Hazırsınızsa, başlayaq ;)

Qısa bir ön söz deyim. Ümumiyyətlə, əgər dəri gözəl və sağlam deyilsə, ən bahalı makiyajın belə köməyi olmayacaqdır (olsa belə, uzun müddət davam etməyəcəkdir). Üzdə civzələr ola-ola ona qulluq etmədən makiyajla ört-basdır etməyə çalışmaq dərini heç cür yaxşılaşdırmır, əksinə, vəziyyətini pisləşdirə bilər. Bu məntiqlə yola çıxaraq, yeniyetməlikdən bu yana dərimin nələr çəkdiyini anladım və ona əlimdən gəldiyi qədər qulluq etməyə çalışıram.

Təmizləyici gel, losyon və tonik: 2010-cu ildə heç bir gel, losyon və ya tonik ümidlərimi doğrultmadı. Garnier-ə ümid edirdim, amma dermatoloqum yazdığı dərman preparatlarından başqa gel istifadə etməməyimi tövsiyə etdi. Odur ki, bir paket Garnier təmizləyici gel, losyon və tonikim istifadə edilmədən qalıb şkafda. Odur ki, 2010-cu ilin sevimli geli, losyonu və toniki yoxdur:D

Üz kremi: Üzüm yağlı/qarışıq tip olduğundan, nəmləndiricidən az istifadə etməyə çalışıram. Ən az gündə bir dəfə bəs edir. Hamamdan çıxandan sonra mütləq üzə nəmləndirici çəkmək lazımdır ki, hamam istiliyinin dərini qurutmasının qarşısını alsın. Bu il sevə-sevə istifadə etdiyim üz kremim Arnaud İnstitut Hydra Touch nəmləndiricisidir. Sağ olsun, İdeal mağazasının satıcısı məsləhət gördü və yaxşı da eləyib:D Bu nəmləndirici krem dərini kifayət qədər nəmləndirir; üzündə narahatedici təbəqə hissi duymursan və dərinin nəfəs aldığını hiss edirsən. Yağlı/qarışıq dərili adamları narahat edəcək qədər nəmlilik yaratmır. Keçən ilə bu kremi 15 AZN-ə almışdım, 50 ml-dir. Artıq dibinə çatmağa az qalıb:( Bakıya gedən kimi ehtiyatımı doldurmalıyam. Ya da TBS-in nəmləndiricilərini sınaqdan keçirəcəm.


Duş geli: Düzünü desəm, hamamda fərqli qoxular hiss etməyi sevirən, odur ki, sabit, daim istifadə etdiyim duş gelim yoxdur. Lakin 2010-cu ildə hansı duş geli əvəzedilməz oldu - deyə soruşsanız, TBS-in duş gellərini qeyd edərdim, xüsusilə, TBS Neroli Jasmin duş geli inanılmaz hisslə bürüyür insanı. Duşdan heç çıxmaq istəmirəm... Amma təbii ki, bu geli xüsusi günlərə saxlamışam, çünki cəmi 200 ml-di. Qənaət edirəm:D

Bədən losyonu: Əlbəttə ki, bədən baxımını da unutmaq olmaz. Keçən il ilk dəfə bədən losyonundan istifadə etməyə başladım, çünki dərimin duşdan sonra nəmə ehtiyacı olduğunu indi hiss edirəm (ya da son vaxtlar bədənimə daha çox fikir verməyə başlamışam). Hər halda, TBS-lə başladım bədən baxımında bu ilin sevimli bədən losyonu təbii ki, TBS Spiced vanilla oldu. Bir dəfə The Body Shopdan istifadə edəndən sonra çeşidli və orijinal qoxular arasında seçim etməkdə çətinlik çəkəcəksiniz, mənim kimi:D

Makiyaj təmizləyicisi: Əlbəttə ki, bir tələbənin ən yaxşı makiyaj təmizləmə dostu makiyaj təmizləmə salfetləridi:D paket-paket bitirdiyim bu salfetlərin markasına heç vaxt baxmıram:D Amma L'orealın buraxdığı Olay markalı göz makiyajı təmizləmə kremi ilə tanış olana kimi, bu salfetlərdən başqasını tanımırdım. Belə ki, nə qədər ağır makiyaj etsəm də, bu kremin bircə pırtı bəsdi ki, gözlərimi tər-təmiz etsin. Qoxusuzdur və ağ rənglidir. Tək mənfi cəhəti, gözə düşdükdə göynətməsidi, onun üçün kremi pambıqla silərkən, diqqətli olmaq lazımdır.


Depilyasiyon baxım: Yeniyetməlikdən bu yana bu tük çıxartma məsələsi bir problemdi, depilyasiyadan sonra dəriyə qulluq ayrı problem:/ İllərdir depilasiya üçün Veet kremindən istifadə edirəm və ötən il də, sadəcə, epilyasiya aləti almaqla, bir az krem alma tezliyimi azaltmış oldum, amma yenə də kremdən əl çəkə bilmirəm. Veet kreminin hər depilyasiya kremində olduğu kimi, mənfi cəhəti tükləri uzun müddət yox edə bilməməsidi. 3-4 günə tüklər əvvəlki performansına yiyələnirlər:D Veet depilyasiya zolaqları isə gözlədiyimdən yaxşı çıxdı və ilin sevimlisinə çevrildi. İstifadəsi rahat, təmizdi. Üzümdəki artıq tükləri həssas dərilər üçün olan zolaqlarla alıram və foto epilyasiyaya getməyə ehtiyac qalmır:D Aşağıda sağda gördüyünüz Veet kremi isə depilyasiyadan sonra istifadə üçündür. Qıcıqlanan, qızaran yerlərə çəkməklə, rahatlanmaq olur. 2010-un kəşfi və sevimlisi də bəhz Veet depilyasiyadan sonra baxım kremidir.


Ayaq baxımı: Yenə 2010-cu il ayağıma qulluq etməyə başladığım ilə çevrildi və Orifleymin ayaq kremi ilə ayağın da dincəlmə haqqı olduğunu anladım:D Düzdü, məndə tərləmə əleyhdarı ayaq kremidi, amma ayaqlarımı eyni zamanda, nəmləndirir. Ayaq kremində bu ilin kəşfi və sevimlisi olaraq Orifleymin tərləmə əleyhdarı ayaq kremini elan edirəm:D

Əl baxımı: Əlimə nə desəz, çəkirəm. Krem 21-dən tutmuş Garniere, Orifleymdən tutmuş TBS-ə qədər hər şey. Sabit deyiləm bu mövzuda. Əslində, əlim çox həssasdır, bir az soyuq olan kimi qızarır və qabıq verir, krem seçərkən, əslində, diqqətli olmalıyam O_o 2010-cu ildə istifadə etdiyim və "yenə də alaram" dediyim əl kremim isə The Body Shop Spiced Vanilla əl kremidi. Gözləmədiyim qədər nəmləndirir və ən vacibi, əli uzun müddət nəmli saxlayır. Bacım çox bəyəndi, ona bağışladım. Amma ümid elirəm, cicimi yenə TBS mağazalarında görə biləcəm...

Bax belə:) Bu da mənim 2010-cu ildə kəşf etdiyim və ya sevimlimə çevrilən dəriyə qulluq məhsullarım. Nə demək olar, ümidvaram, 2011-ci il daha bərəkətli və fərqli markalarla dolu keçər;) Daim yeniliklərlə dəyişikliyə doğru;)

12/17/2010

Garnier Dəriyə Qulluq

Yurdun otağından yeni bir postla qarşınızdayam:D Bu dəfə Garnier təcrübəmdən yazmaq istərdim. Garnier Essentials üz təmizləyici gel və losyonu (yaşıl rəngdə olanlar) normal və qarışıq dərilər (sızanaqsız) nəzərdə tutulub. Gündəlik səhər və ya axşam istifadə etmək olar, amma mən ancaq axşamlar edirəm, nəsə mənə rahat olur belə:) Çox xoş əsl bitki iyi verir, Garnierin də ən sevdiyim xüsusiyyəti elə budu. Çox yüngüldü, ağırlıq hiss etdirmir. 

Uzun mavi borucuq isə dəri baxımı kremidir və Garnier Pure seriyasının problemli dərilər üçün olan kremidir (Essentials seriyasının kremi qalmadığından bunu aldım, yaxşı ki də almışam:D ) Makiyaj astarı kimi də istifadə edirəm, çox rahat və fərahdı, üzümün nəfəs aldığını hiss edirəm, dəhşət xiyar iyi verir:D Bu üç məhsulu dalbadal axşamlar (gel + losyon + krem) sürtürəm və yatıram. Aşağıda gördüyünüz balaca krem isə Garnierin Skin Naturals Seriyasından olan Vitamin Radiance gündəlik nəmləndirici kremidi. StrawberryNETdən almışdım nə ümidlərlə, amma adi nəmləndiricidən başqa bir şey deyil. Əllərimə, ayaqlarıma çəkirəm, vəssəlam:D

Qiymətlərinə gəlincə, tam xatırlamıram, amma gellə losyonun hər birini hardasa 8.90 TL-ə, baxım kremini 10TL-ə, cıqqılı Garnieri isə 11 USD-ə almışdım. Bakıda bir az baha olar bəlkə də, amma Bakıda Garnieri İdealdan, ya da Ramstore-dan ala bilərsiniz.

Bəs sizin Garnier təcrübəniz necədi? Nələri bəyənirsiniz, bəyənmirsiniz?