Səhifələr

Showing posts with label avon. Show all posts
Showing posts with label avon. Show all posts

5/31/2011

Avon göz makiyajını təmizləyən

Olayın göz makiyajı təmizləyicim bitəndən sonra Avonun bu məhsulunu sınamaq istədim. Desəniz ki, niyə ayrıca göz makiyajı üçün təmizləyici alıram, cavabı çox sadədi: axı gözlərimiz daha həssasdı və göz bölgəsindəki dəri daha zərifdi. Təbii ki, göz makiyajını təmizləyən vasitə də bir o qədər "zərərsiz" olmalıdı. 12 YTL/6AZN-ə aldığım 150 ml Avon göz makiyajı təmizləyici bax belə ağ kauçuk butulkada gəlir:

Maye formasında olduğundan bu butulkadan məhsulu çıxartmaq asandı, amma krem olsaydı, düşünmək belə istəmirəm bu butulkanı sıxmağı. Müsbət və mənfi cəhətlərini yenə ayıraraq yazıram, əgər bundan narahat olursunuzsa, mütləq bildirin mənə.
Müsbət cəhətləri:
1. Gözləri az yandırır. Olay həssas gözlərin uzaq olması lazım gələn bir göz makiyajı təmizləyicisi idi. Bu isə o qədər yandırmır. Gözləri açıq-açıq yusanız, o vaxt yandırır ancaq. Gözlər qapalı ikən məsumdu:)
2. Yüngül toxuması gözdə ağırlıq yaratmır. Yuyarkən rahatdı, amma bircə makiyajı təmizləsəəə, lap qiyamət olardı!

Mənfi cəhətləri:
1. Təmiz təmizləmir! Bir göz makiyajı təmizləyicisindən nə gözləyərsiniz? Təbii ki, göz makiyajını təmizləmək. Amma bu şey elə də işə yaramır! Yüngül makiyajı heç, yaxşı-pis çıxarır, amma elə ki, işə tünd rənglər girdi, vəssəlam. Üzümə-gözümə, hər yerimə yaxır makiyajımı. Hələ gözümün altına çəkdiyim qələmi, tuşu, kölgəni demirəm!
2. Maye formasında olması gözə çəkməyə çətin imkan verir. Daim axdığı üçün gözün içinə də girir ki, kifayət qədər narahat edən duyğudur.

Hə, qızlar, yuxarıda bu təmizləyicinin toxumasını da görürsünüz, mayeyə çox yaxındı. Dediyim kimi, yaxşı təmizləmədiyindən bir daha almaram. Amma məcburən 6 manat verdiyim məhsulu işlədib bitirməliyəm! Onun üçün əvvəlcə, nəm makiyaj təmizləyici salfetlə gözlərimi yavaşca silib üstündən bununla yuyuram, yoxsa makiyaj getmək bilmir. İmkan düşsə, uzaq durun bundan və elə ondansa 10YTL/5 manata Olayın göz makiyajı təmizləyicisini alın. Oriflame də yeni göz makiyajı təmizləyicisi buraxıb, onu da sınamaq istəyirəm, çünki məlum məsələ, Olay Bakıda yoxdu və Bakıda olan münasib qiymətli markanın məhsuluna dönməliyik:) Bəs sizin sevimli makiyaj təmizləyiciniz nədir? Nəyi məsləhət görərdiniz?

5/20/2011

Avon saça qulluq məhsulları - Advance Techniques Gündəlik Parıltı (Daily Shine) seriyasından

Cicilər, necəsüz bu sərin havada?:) Ümidvaram, işləriniz və dərsləriniz qaydasındadı. Mən də final qabağı imkan düşdükcə sizləri uzuun müddət bundan əvvəl aldığım və o vaxtdan sınadığım məhsullar haqqında yazmağa çalışıram. İnteresing life blogunun sahibəsi əziz Afaqın xahişi ilə saçı parladan Avon məhsullarını aldım və bir aydır ki, bu cütlüyü çiməndən sonra saçlarımda istifadə edirəm. Qarşınızda:

Avon Advance Techniques Gündəlik Parıltı (Daily Shine) yaxalanmayan saç kremi 250ml və eyni seriyadan parladan saç spreyi 100ml. Bu gün müsbət və mənfi keyfiyyətləri deyə xüsusiyyətlərini iki yerə ayıraraq danışacam:
Müsbət cəhətləri: 
1. Salonu xatırladan xoş qoxusu. Bilmirəm sizin xoşunuza gəlir ya yox, amma gözəllik salonunun o şampun-saç kremi qoxuyan havasını sevirəm:D Bunların ikisi də elə həmin qoxunu verir. Saçımı növbəti dəfə yuyana kimi saçımda qoxuları qalır.
2. Saçımı gec yağlandırır (?). Hə, hə, düz oxudunuz. Qəribə də olsa, bu cütlük saçımın yağlanma müddətini gecikdirir. Nə dərəcədə yaxşı şey olduğunu bilmirəm, amma mən məmnunam bu keyfiyyətindən:D
3. Yapışqan deyillər. Bu keyfiyyət məncə çox vacibdi, heç kəs saçında yapış-yapış sprey və ya kremin olmasını istəməz. Bu cəhətdən uğurludurlar.

Mənfi cəhətləri:
1. Parıltı zad boş şeydi! Hər dəfə çimib çıxandan sonra dəsmalla qurudulmuş saçlarıma saç kremini, fenlədikdən sonra spreyi püskürməyimə baxmayaraq, parıltı zad görmədim. Dost-tanışdan da soruşanda fərq zad görmədiklərini deyirlər ki, özüm hiss etmədikdən sonra onların da günahı yoxdu:D

Hə, qızlar, bax belə. Əsl məqsədlərindən başqa hər şeyi eləyən bu saç məhsullarını sevib-sevmədiyimi də dəqiq anlamadım:D Qiymətlərinə gəlincə, 3-cü kataloqdan hərəsini hardasa  4-5YTL/2-2.5 AZN-ə almışdım. Tez-tez kataloqlarda endirimdə olurlar. Saç kremi çox yekədi, qışa kimi bəs edər mənə, onsuz uzun saçlarım yoxdu:)Yenə alacağımı sanmıram, amma hər an fikrim dəyişə bilər:D
Canlar, bəs siz Advance Techniques-dən nəyisə sınamısınız? Nələri tövsiyə edərdiniz və ya etməzdiniz?

4/24/2011

Avon Naturals 2-i 1-də şampun-kondisioner və saç buğu

Uzun zamandan sonra Avon rəyləri ilə qarşınızdayam, qızlar:) Keçən Avon kataloqundan saçı təmizləyib tarazlayan Avonun Naturals seriyasından manqo və zəncəfilli şampun-kondisioneri və yanında 2 tl-lik hədiyyəsi makadamiya fındığı və aloeli saç buğunu da aldım! Avonun Naturals şampunlarının (750ml!) inanılmaz ucuz olması (cəmi 4.90TL) çoox təəccübləndirir məni:D Amma yenə də sevə-sevə istifadə edirəm. 2-3 həftədir ki, saçlarımı şampun-kondisionerlə təmizləyir, daha çox nəmlilik istədiyimdə isə bu nəmləndirici buğu püskürürəm dəsmalla qurudulmuş saçlarıma:
Bu şampun-kondisioneri istifadə etdikdən sonra bir daha əmin oldum ki, mən manqo qoxusunu sevmirəm:D Amma yaxşı ki, zəncəfil manqo qoxusunu basır, yoxsa atardım bunu bir kənara. Düzü, yağlı saçlarım olduğundan təmizləyib balanslaşdıran şampun aldım, neyləyək ki, manqo belədi:/ Ümumiyyətlə, saç bədən məhsullarında sitrus qoxularını sevmirəm və bura beləcə yazıram ki, sonra ağzımın suyu axıb nəsə alanda yadıma bu post gəlsin:D Amma təmizləməsi və balanslaşdırmasından çoox razıyam! Bax elə bu gün dərslərdən baş açıb çimməməyimin 3-cü günüdü, saçlarımda yağdan əsər-əlamət yoxdu:D (Ağ eləməyib axşam çiməcəm, qorxmayın xD) Saçlarıma bir növ canlılıq da qatıb desəm, yanılmaram:D Bir sözlə, qəşəng və məsləhətlidi;) İmkan düşsə, yenə alacağım məhsuldu.
Saç buğuna gəlincə, o da başqa aləmdi. Qoxusunu uzuuun müddət saxlayır, yaxşıca nəmləndirir. Makadamiyanın ətri üçün ürəyim getdi! Bunun şampunu da super olar! Dediyi hər şeyi edir bir sözlə və qurudan yay günlərində nəmlilik mənbəyidi deyə bilərəm.
Hə, qızlar, bu həftəlik bu qədər:) Sizə xoş bazar günü istirahəti diləyirəm. Tələbələrə də Allah səbr, güc və həvəs versin ki, imtahanları keçsinlər:D Öpüldünüüzz:**

3/16/2011

Avon aksesuarları: Beata çanta + fırçalar + üzük

Çoxdandı fırçalarımı yeniləmək istəyirdim və Avonun 3-cü kataloqundakı endirimli fırçaları qaçırmaq istəmədim. Elə gəlmişkən, 10TL-ə bu şirin çantanı da aldım, üzük isə laap çoxdankı Avon bazarlığımdan qalmadı. Aksesuarlardan danışmışkən, onu da əlavə etdim:D



Avon fırçalarını çox sevirəm! Çox yumşaqdı, üzü incitmir və tüklərini tökmürlər. Yumaq da rahatdı. Qiyməti də münasibdi, başqa nə istəyək:D Aşağıdakı şəkildə, soldakı ikiuclu göz kölgəsi fırçası, sağdakı isə tonal krem fırçasıdı. Göz kölgəsi fırçası göz qapağına kölgəni çəkmək üçün uyğundur, konturlamaqda da istifadə edilə bilər, çox toppuş deyil. Digər ucundakı süngəri isə kölgəni dağıtmaq üçündü. Tonal krem fırçası isə inanılmazdı! Tonal kremi özündə saxlamır, azacıq tonal krem bəsdi ki, bütün dəriyə yaysın. Gördüyünüz kimi, işlətmişəm, hələ yumamışam amma:D
Aşağıdakı göz kölgəsi fırçası (yaxından): Qiyməti 3.00TL



Bu da, tonal krem fırçası (yaxından): Qiyməti 4.80TL.



Aşağıdakı cicilər də əsl bahar dəbinə uyğun cıqqılı çantam və şirin güllü üzüyüm:D

Bəs sizin sevimli Avon aksesuarlarınız hansıdı? Nələri tövsiyə edərdiniz?

12/20/2010

Avon Kosmetikası: Pur Blanca + Color Trend + Ənlik + Ənlik Fırçası

Bax belə. Yeni bir həftənin həyəcanı ilə sizləri Türkiyədə çox məşhur olan Avon Kosmetikası ilə tanış etmək istəyirəm. Buraya gələndən sınaqdan keçirmək istədiklərim arasında idi (xüsusilə, "Çok özel fırsatlarla dolu Avon katalogu için bizi arayın" reklamlarından sonra xD). Əvvəl 13-cü kataloqdan ənliklə fırçasını aldım, sonra 14-dən dodaq balzamları çox ucuza başa gəldiyindən (3.5TL!) onları da sınaqdan keçirmək istədim. Bu ətirdə də kampaniya vardı, 16.70 TL-ə başa gəldi.

Düzünü desəm, Arabian Glow Bronzing Pearls ənliyi gözlədiyim kimi çıxmadı. Xəfif parıltılı olsa da, qalıcı deyil. 1 saat qalsa, şükür edirəm. Gündəlik elə-belə yerlərə çəkib çıxıram. 19.50 TL pul vermişəm, atmayacam ki çölə, 22 qramdı özü də. Amma bir daha almayacam bundan:/

Avon ənlik fırçası isə qəşəngdi, yumşaq və istifadəsi rahatdı. 12-ci kataloqda cəmi 6.70TL qiymətinə idi.

Gələk dodaq balzamlarına. Dodaq baxımı xəstəsi olduğumdan, Avon 14-cü kataloqdakı 3.50 TL-lik balzamları qaçırmamağa çalışdım. Color trend seriyasından olan çiyələkli və darçınlı bu iki dodaq balzamı qiymətinə görə çox qəşəngdi.

Çox nəmləndirir, şəffaf, qoxuludur və şirin dadır. Bir dodaq baxımından istədiyim 3 keyfiyyətin 3-ü də var ^_^ Yeni kataloqda olsa, yenə almağı düşünürəm. Çünki bapbalacadı, tezliklə bitəcək bu gedişlə:D

Nəhayət, Pur Blanca (romantik qadınlar üçün xD) ətrinə gələk. 50 ml olan bu EDT iyi əvvəl püskürəndə çox sərt gəlsə də, qaldıqca yüngül çiçək qoxusu verir. Gündəlik istifadə üçün uyğundu, qalıcılığı gözlədiyimdən yaxşı çıxdı. Müşahidə etdim; 6 saatdan çox qalır:D EDT üçün çox yaxşı göstəricidi. Əgər gündəlik ətir istifadə etməyi və çox bahalı bir şey olmamasını istəyirsinizsə, almaq olar. 

13-cü kataloqda 2 Pur Blanca EDT + Full Speed ətri bir yerdə 50TL idi. Otaq yoldaşımla atışıb 3-ü də aldıq və biri 16.70 TL-ə başa gəldi xD tələbə oldun belədi:)Yeri gəlmişkən, 14-cü kataloqdan dekabr ayının 31-ə kimi alver edə bilərsiniz. Deyirəm, Avon Bakıya gəlsə, Oriflame-ə yaman rəqib olardı ;)

Bəs siz Avonun bu aykı kataloqunda nələri bəyəndiniz və ya aldınız?