Səhifələr

Showing posts with label oriflame. Show all posts
Showing posts with label oriflame. Show all posts

5/24/2011

Oriflame Very me - Lovebirrrds göz qələmləri

Bu xoş bahar günündə xoş gördük, əzizərim :) Sizə bu havalarda tez-tez geyindiyimiz geyimlərə uyğun göz qələmlərindən danışmaq istəyirəm. Mən, adətən, göz makiyajımı geyimimə uyğunlaşdırmağa çalışıram, yaz havalarında tez-tez cins və  ya yaşıllı bir şey geyinmək getdikcə dəbə mindiyindən fevral ayında Oriflame-in Sevgililər günü üçün məhdud sayda buraxdığı Very me Lovebirrrds qələmlərimi çıxartmağımın vaxtı gəlib çatmışdı:) Türkiyənin bu Oriflame kataloqunda da görünən qələmlərlə maraqlana biləcəyinizi düşünüb bu yazını hazırladım. Məndəki  Şirin yaşıl (Sweet Green) və Mavini Sevirəm (I Love Blue) rəngləridi.
İlk aldığımda düzünü desəm, peşman olmuşdum. Fevral ayı, yaşıl-mavi rənglərdən çox istifadə etmirəm və gözlərimin rəngi də tünd qəhvəyi. Bu qələmlərdən necə istifadə edəcəyimi bilmirdim, qablaşdırması üçünsə ürəyim getmişdii! Üstündə quşlar, çiçəklər, böcəklər var və əsl baharı xatırladır (Oriflame niyə bunu qışda buraxmışdı, başım çıxmadı:D). Qablaşdırmadan bu qədər, keçək toxumalarına. Aşağıda svoçları gün işığında çəkib sizə təqdim edirəm:

Yenə mənim üçün mənfi və müsbət hesab etdiyim xüsusiyyətlərini ayıracam, amma onu qeyd edim ki, sizin üçün eyni olmaya bilər.
Mənfi cəhətləri:
1. Sərt toxumalıdırlar. Alandan sonra birinci dəfə gözə çəkərkən diqqətli olmaq lazımdı, gözü basıb çıxardır :D Düzü, ilk istifadələrdə belə idi, amma getdikcə yumşalır. Yenə də normal qələmə görə sərtdirlər, yumşaq çəkilmir.
2. Şirin Yaşıl daha az piqmentlidi. Şəkildən də gördüyünüz kimi, yaşıl daha az rəng verir və cıvıl-cıvıl yaşıl deyil, bozla qarışıq yaşıl rəngdi. Bir neçə qat çəkmək lazımdı ki, yaşıllığı görünsün:D
3. İsti olduqda qarışa bilirlər. Təəssüf ki, davamlılıqları zəifdi. Uzun müddətli makiyaj edəndə bunları sabitləmək lazımdı, yoxsa axıb aləmi pis günə qoyurlar.

Müsbət cəhətləri:
1. Mavini Sevirəm daha piqmentli və qalıcıdı. Bu tünd göy rəng yaşıla görə daha uzun müddət qalır və daha piqmentlidi. Bircə qat göy rəngi almağa imkan verir.
2. Gözləri yandırmır. Həssas gözlərə sahib olmağıma baxmayaraq, gözlərimi yandırıb yaxmadı. Gözlərimin içinə də çəkirəm və hələ ki problemimiz yoxdu.

Belə görünür ki, mənfi cəhətləri daha çoxdu:D Bu qələmləri ancaq qablaşdırmasına vurulanlar ala bilər, amma belədi ki, "normal rəngli qələmim olsun, hərdən bir, dadını çıxartmaqçün çəkərəm" deyirsinizsə, almaq olar. Mən Azərbaycan kataloqundan 2.99AZN-ə almışdım səhv xatırlamırsa. Türkiyə kataloqunda 7.90 tl olmalı idi. Xoş alış-veriş diləyirəm, qızlar :):*

4/02/2011

Oriflame Essential üz kremi və göz geli

ELFlərlə sizi daha çox yormamaq üçün Oriflame-dən keçən aydan aldığım və istifadə etdikdən sonra fikrimin formalaşdığı iki məhsuldan danışmaq istəyirəm. Qarışıq/yağlı dərim olduğu üçün nəmləndirici kremlərdə çox həssasam. Bəzilər gah yağlandırır, bəziləri heç nəmləndirmir. Yazıq Arnaud İnstitutum da bitdiyi üçün qalmışam əllərdə:D Uyğun qiymətə Oriflame-in yağlı və qarışıq dərilər üçün olan Essential tarazlayan üz kremini alıb baxmaq istədim. Kremi almışkən, yanında kataloqa təzə gələn alabəzək bənövşəli göz gelini də alım dedim :D

Türkiyə kataloqundan 7.90tle olan üz kremi 75 mldir. Bir az yağlı toxuması var, ilk dəfə istifadə edəndə, dedim "Aman Allah! Mən nə almışam!", üzə çəkəndə də xəfif yağlılıq duyulur, amma heç bir dəqiqə keçməmiş üzümü yumşaq və tarazlı tutur. Yağlılıq hiss etdirmir, kalendula qoxusu da adamın əsəblərini sakitləşdirir:D Bu qiymətə həm nəmləndirən, həm də yağlı tutmayan krem tapdığıma çoox sevinirəm. Ehtiyata yığmağı düşünürəm:D Gelə gəlincə, bircə damcısı ilə hər iki gözümün ətrafına çəkirəm hər yatanda, gözümü sakitləşdirir, həssas gözlərimi yandırmır ki, bu xüsusiyyətini çox sevirəm. Bir də, gözüm çox acılanandır mənim, onu da aradan qaldırır, amma yorğunluq zad məsələlərinə qarışmır:D Normal gözə qulluq məhsulum olsun deyirsinizsə, baxmaq olar. Qiyməti də hardasa, 3-4 manat olmalıdı Azərbaycan kataloqunda. Aşağıda da, bu borucuqların içindəkini göstərməyə çalışmışam:D

 Hə, canlarım, siz Essentials seriyasından nələri tövsiyə edərdiniz? Nələrə baxmaq lazımdı? :*

3/11/2011

Oriflame dodaqları - Power Shine + Very Me Oh My Gloss + Very Me Clickit

Ankaraya yağan ağır qara görə və boynumu incitdiyimdən blogumdan bu qədər uzaq qalmışdım, əzizlərim. Nəhayət ki, yeni yazılarla qarşısınızda olacam:) Bu gün sizə Oriflame-dən aldığım dodaq məhsullarından danışmaq istəyirəm. Yəqin ki, Power Shine pomadalarını nə qədər çox sevdiyimi bilirsiniz. Endirimdəykən, 2-ci katalogundan 2 dənəsini - Pink Elixir və Hot Peach aldım. Çoxdandır ki, very me clickit dodaq parıldadıcısını və rəngləndiricisini də sınaqdan keçirmək istəyirdim. Elə Very me Clickit dodaq parıldadıcısından Baby Pink, dodaq rəngləndiricisindən raspberry (moruq) olanını aldım. Bir də, Very me Oh My Gloss meyvəli parıldadıcılardan Naughty makiyaj çantama daxil oldu:D

Əvvəla, ilk başdakı yemiş qoxulu Power Shine cicilərindən başlayaq.

Həmişəki kimi, rəngini inanılmaz dərəcədə yaxşı verir və dodaqları nəmli saxlayır. İçindəki kiçik parıltılar dodaqları zərli göstərir, gün işığında par-par yanırsan:D Pink Elixir yeni favorimə çevrildi, xüsusi günlərimdə istifadə edirəm. Amma yenə də bir mənfi cəhəti də uzun müddət qalmamasıdı. Sınadım, yeyib içmədən 3 saat qala bilir dodaqda. Tez-tez yeniləmək lazımdı. Amma buna dəyər məncə :D Bunları mən Azərbaycan kataloqundan hərəsini hardasa, 6 manata almışdım. Bu qiymətə görə kifayət qədər yaxşıdı.


Gördüyünüz bu cici də Very me Oh my gloss parıldadıcısıdı. Oriflame-in gənclər üçün buraxdığı Very me seriyasını çox sevirəm! Hər məhsulunu sınaqdan keçirməyə cəhd edirəm və hələ ki, razı qalmadığım olmayıb:D Bu parıldadıcı da 6 rəngdən ibarətdi, məktəbdə oxuyarkən hələ bunlardan istifadə edirdim. Kataloqda görüb duyğulandım yaman :D cəmi 3-4 manata olan bu şirinə yaxşı tünd çəhrayı rəng verir və dodaqları qurutmur, nəmli göstərir. Endirimə girməsini gözləyirəm ki, yenilərini ala bilim:D

Nəhayət, Very me Clickit dodaq parıldadıcı və rəngləndiricisi! 2.99 manata aldım hər birini və rəngləndirici xüsusilə, könlümü oxşadı! Rəngini özünüz nizamlaya bilirsiniz, dodağınıza xəfif çalar da verə bilərsiniz, tünd çəhrayılıq da. Dadı da şirindi ^_^ Rəngləndirici olduğundan, normal pomadaya görə daha uzun müddət qalır. Üstündən parıldadıcı da çəksəniz, həm rəngli, həm parıldayan olursuz. Amma ikisinin də mənfi cəhəti yapışqanlıq hissi verməsidi. Parıldadıcıdan elə çox şey gözləməyin. Sadəcə, nəmli göstərsin dodaqlarımı, parıldatsın, həm də ucuz olsun deyirsinizsə, bu, sizin məhsulunuzdur. Bir sözlə, Oriflame hamımızı düşünüb - parlaqlıq istəməsəniz, rəngləndirici bəsinizdi, yox, parlaq dodaqlar favorinizdirsə, parıldadıcı ilə dodaqlarınızı tamamlayın. Ortada konnektoru da yaxşı düşünüblər - bitişdir, at çantana, nə vaxt lazım olsa, tezbazar çək, çıx - əsl gənc malı:D Aşağıda da svoçları görürsünüz - pomadalardakı parıltıları göstərmək üçün fləşlə çəkdim. 

Soldan sağa - Power Shine Pink Elixir, Power Shine Hot Peach, Very me Oh my Gloss - Naughty, Very Me Clickit parıldadıcı - Baby pink, Very Me Clickit dodaq rəngləndirici - Raspberry. Yəqin ki, Oriflame-də əl çəkə bilməyəcəyim şey varsa, o da pomadalarıdı. Bəs əzizlərim, sizin sevimli Oriflame pomadalarınız hansılardı?

2/25/2011

Oriflame Loves me...

Haha:D Oriflame məni, mən də Oriflame-i sevirəm:D bu ayrı məsələ. Amma bu gün sizə Oriflame-in 14 fevral sevgililər günü üçün xüsusi olaraq, buraxdığı Loves me... seriyasından danışmaq istəyirəm. Bakıda 1az baha olduğundan, Türkiyə kataloqundan aldım bu ciciləri. Əslində, çobanyastığını elə də sevmirəm, sadəcə, paketinə vuruldum və sınaqdan keçirmək istədim - elə əl kremim də bitmişdi, duş gelim də.


Gördüyünüz cicilər sağdan sola Loves me... əl kremi, sabun və duş kremidir (!). Əvvəla, deyim ki, Oriflame yenə qablaşdırmaları ilə təccübləndirir məni. Bunların elə üzünə baxanda adamın içi açılır:)
Əl kremindən başlayaq. İnanılmaz dərəcədə yumşaq, əriyən teksturalıdır. Dəriyə düşməsi ilə əriməsi bir olur. Nəmləndirməsi normaldı, çobanyastığı qoxusu isə az-çox qalır. Amma mən bu qədər zərif əl kremlərini xoşlamıram. Əl kremi gərək əlimi əlcək kimi qorusun, ya da elə hiss etdirsin. 
Duş kreminə gəlincə, kremdən çox gel formasındadır, hələ də başa düşə bilmirəm ki, niyə duş kremi adlandırırlar bunu. Yaxşı köpüklənir, xəfif toxumalıdı, amma qoxusu uzun müddət qalmır (guya hansı duş geli uzun müddətlidir ki). Normal duş vasitəsi axtarırsınızsa, işinizə yarayar.
Sabunu isə hələ açmamışam:D Ürəyim gəlmir düzü:))
Bu 3 şirinəyə Oriflame Türkiyənin 2-ci kataloqda 8.90 TL ödədim, yəni cəmi 4.5 AZN-dən daha az! Qiymət-keyfiyyət mütənasibliyi kifayət qədər yaxşıdı məncə. Siz də sınaqdan keçirmək istəsəniz, hər iki ölkənin 3-cü kataloquna baxa bilərsiniz:)

2/21/2011

Oriflame Hair X saça qulluq

Hə, əzizlərim, Bakıda Oriflame-in 2-ci kataloqu əlimə keçəndən sonra gedib-gəlib bir çanta dolusu şey aldım:D dəhşətəm də O_o odur ki, uzun müddət Oriflame-dən yazacam, hazır olun:D Həm sizin tərəddüd etdiyiniz məhsul olarsa, fikriniz aydınlanar, həm də Oriflame-in artan məhsul çeşidi ilə tanış olarsınız. Elə isə, saça qulluq vasitəsindən başlayaq.


Oriflame-in yeni buraxdığı Hair X saça qulluq vasitələrini forumlarda çox tərifləyirdilər, mən də 2-ci kataloqdakı paket fürsətindən yararlanıb yağlı saçlar üçün olan Hair X Pure Balance şampun və kondisionerini aldım. İkisinə 6.49 AZN verdim, əslində 250 ml-lik məhsullar üçün bahadı (700 ml-lik Elidor şampununu 8 Tl-ə almağa alışan mənim üçün:D). Saçları mənim kimi yağlanmağa meylli insanlara azacıq da olsa, köməyi dəyir. Məs: mənim saçım yuduğumun 2ci gunu yağlanır artıq, Pura Balance-dən istifadə etdikdən sonra isə 3-cü gün yağlanır, yəni ləngimə müşahidə olundu:) Amma şampunun xoşuma gəlməyən xüsusiyyəti gec köpüklənməsidi:/ başımı yaxşıca qaşıyıram ki, yaxşıca köpüklənsin:D Kondisioneri də çox yüngüldü, sadəcə, saçı yumşaldır, amma sürüşkən etmir. Yenə bu məhsulu alaram mı? Yəqin ki Pura Balance-i yox, Hari X Repair Therapy seriyasını alıb sınaqdan keçirəcəm: saçlarım yaman qırılır :( Təcrübələrimi yenidən bölüşəcəm;)
Bəs siz Oriflame Hair X seriyasından hansısa məhsulu istifadə etmisinizmi? Bir faydasını gördünüzmü?:)

2/15/2011

2010-cu ildə dərimin sevdikləri :)

Hə, 2010-cu ildəki sevimli makiyaj məhsullarımdan sonra indi növbə ötən ildə dərimə etdiyim qulluq zamanı sevimlimə çevrilən cicilərdədi. Hazırsınızsa, başlayaq ;)

Qısa bir ön söz deyim. Ümumiyyətlə, əgər dəri gözəl və sağlam deyilsə, ən bahalı makiyajın belə köməyi olmayacaqdır (olsa belə, uzun müddət davam etməyəcəkdir). Üzdə civzələr ola-ola ona qulluq etmədən makiyajla ört-basdır etməyə çalışmaq dərini heç cür yaxşılaşdırmır, əksinə, vəziyyətini pisləşdirə bilər. Bu məntiqlə yola çıxaraq, yeniyetməlikdən bu yana dərimin nələr çəkdiyini anladım və ona əlimdən gəldiyi qədər qulluq etməyə çalışıram.

Təmizləyici gel, losyon və tonik: 2010-cu ildə heç bir gel, losyon və ya tonik ümidlərimi doğrultmadı. Garnier-ə ümid edirdim, amma dermatoloqum yazdığı dərman preparatlarından başqa gel istifadə etməməyimi tövsiyə etdi. Odur ki, bir paket Garnier təmizləyici gel, losyon və tonikim istifadə edilmədən qalıb şkafda. Odur ki, 2010-cu ilin sevimli geli, losyonu və toniki yoxdur:D

Üz kremi: Üzüm yağlı/qarışıq tip olduğundan, nəmləndiricidən az istifadə etməyə çalışıram. Ən az gündə bir dəfə bəs edir. Hamamdan çıxandan sonra mütləq üzə nəmləndirici çəkmək lazımdır ki, hamam istiliyinin dərini qurutmasının qarşısını alsın. Bu il sevə-sevə istifadə etdiyim üz kremim Arnaud İnstitut Hydra Touch nəmləndiricisidir. Sağ olsun, İdeal mağazasının satıcısı məsləhət gördü və yaxşı da eləyib:D Bu nəmləndirici krem dərini kifayət qədər nəmləndirir; üzündə narahatedici təbəqə hissi duymursan və dərinin nəfəs aldığını hiss edirsən. Yağlı/qarışıq dərili adamları narahat edəcək qədər nəmlilik yaratmır. Keçən ilə bu kremi 15 AZN-ə almışdım, 50 ml-dir. Artıq dibinə çatmağa az qalıb:( Bakıya gedən kimi ehtiyatımı doldurmalıyam. Ya da TBS-in nəmləndiricilərini sınaqdan keçirəcəm.


Duş geli: Düzünü desəm, hamamda fərqli qoxular hiss etməyi sevirən, odur ki, sabit, daim istifadə etdiyim duş gelim yoxdur. Lakin 2010-cu ildə hansı duş geli əvəzedilməz oldu - deyə soruşsanız, TBS-in duş gellərini qeyd edərdim, xüsusilə, TBS Neroli Jasmin duş geli inanılmaz hisslə bürüyür insanı. Duşdan heç çıxmaq istəmirəm... Amma təbii ki, bu geli xüsusi günlərə saxlamışam, çünki cəmi 200 ml-di. Qənaət edirəm:D

Bədən losyonu: Əlbəttə ki, bədən baxımını da unutmaq olmaz. Keçən il ilk dəfə bədən losyonundan istifadə etməyə başladım, çünki dərimin duşdan sonra nəmə ehtiyacı olduğunu indi hiss edirəm (ya da son vaxtlar bədənimə daha çox fikir verməyə başlamışam). Hər halda, TBS-lə başladım bədən baxımında bu ilin sevimli bədən losyonu təbii ki, TBS Spiced vanilla oldu. Bir dəfə The Body Shopdan istifadə edəndən sonra çeşidli və orijinal qoxular arasında seçim etməkdə çətinlik çəkəcəksiniz, mənim kimi:D

Makiyaj təmizləyicisi: Əlbəttə ki, bir tələbənin ən yaxşı makiyaj təmizləmə dostu makiyaj təmizləmə salfetləridi:D paket-paket bitirdiyim bu salfetlərin markasına heç vaxt baxmıram:D Amma L'orealın buraxdığı Olay markalı göz makiyajı təmizləmə kremi ilə tanış olana kimi, bu salfetlərdən başqasını tanımırdım. Belə ki, nə qədər ağır makiyaj etsəm də, bu kremin bircə pırtı bəsdi ki, gözlərimi tər-təmiz etsin. Qoxusuzdur və ağ rənglidir. Tək mənfi cəhəti, gözə düşdükdə göynətməsidi, onun üçün kremi pambıqla silərkən, diqqətli olmaq lazımdır.


Depilyasiyon baxım: Yeniyetməlikdən bu yana bu tük çıxartma məsələsi bir problemdi, depilyasiyadan sonra dəriyə qulluq ayrı problem:/ İllərdir depilasiya üçün Veet kremindən istifadə edirəm və ötən il də, sadəcə, epilyasiya aləti almaqla, bir az krem alma tezliyimi azaltmış oldum, amma yenə də kremdən əl çəkə bilmirəm. Veet kreminin hər depilyasiya kremində olduğu kimi, mənfi cəhəti tükləri uzun müddət yox edə bilməməsidi. 3-4 günə tüklər əvvəlki performansına yiyələnirlər:D Veet depilyasiya zolaqları isə gözlədiyimdən yaxşı çıxdı və ilin sevimlisinə çevrildi. İstifadəsi rahat, təmizdi. Üzümdəki artıq tükləri həssas dərilər üçün olan zolaqlarla alıram və foto epilyasiyaya getməyə ehtiyac qalmır:D Aşağıda sağda gördüyünüz Veet kremi isə depilyasiyadan sonra istifadə üçündür. Qıcıqlanan, qızaran yerlərə çəkməklə, rahatlanmaq olur. 2010-un kəşfi və sevimlisi də bəhz Veet depilyasiyadan sonra baxım kremidir.


Ayaq baxımı: Yenə 2010-cu il ayağıma qulluq etməyə başladığım ilə çevrildi və Orifleymin ayaq kremi ilə ayağın da dincəlmə haqqı olduğunu anladım:D Düzdü, məndə tərləmə əleyhdarı ayaq kremidi, amma ayaqlarımı eyni zamanda, nəmləndirir. Ayaq kremində bu ilin kəşfi və sevimlisi olaraq Orifleymin tərləmə əleyhdarı ayaq kremini elan edirəm:D

Əl baxımı: Əlimə nə desəz, çəkirəm. Krem 21-dən tutmuş Garniere, Orifleymdən tutmuş TBS-ə qədər hər şey. Sabit deyiləm bu mövzuda. Əslində, əlim çox həssasdır, bir az soyuq olan kimi qızarır və qabıq verir, krem seçərkən, əslində, diqqətli olmalıyam O_o 2010-cu ildə istifadə etdiyim və "yenə də alaram" dediyim əl kremim isə The Body Shop Spiced Vanilla əl kremidi. Gözləmədiyim qədər nəmləndirir və ən vacibi, əli uzun müddət nəmli saxlayır. Bacım çox bəyəndi, ona bağışladım. Amma ümid elirəm, cicimi yenə TBS mağazalarında görə biləcəm...

Bax belə:) Bu da mənim 2010-cu ildə kəşf etdiyim və ya sevimlimə çevrilən dəriyə qulluq məhsullarım. Nə demək olar, ümidvaram, 2011-ci il daha bərəkətli və fərqli markalarla dolu keçər;) Daim yeniliklərlə dəyişikliyə doğru;)

2/13/2011

2010-cu il makiyaj sevimlilərim!

Bəli, Sevgililər gününə az qalmış artıq yenə Ankaradayam:) Fürsət varkən, gec də olsa, sizlərlə 2010-cu ildə sevə-sevə istifadə etdiyim ve yanımdan ayırmadığım, rahatlıqla tövsiyə edəcəyim makiyaj məhsullarımdan danışmaq istəyirəm. 

Tonal krem: düzü, tonal kremdə hələ də ürəyim istəyəni tapmamışam və fərqli markalardan istifadə etməyi xoşlayıram. Amma mütləq və mütləq bir yerdə qərar tutmaq lazımdı:/ çünki tonal kremi düzgün seçmək və üzümüzün onu qəbul edə bilməsi çox vacibdir. İl boyu istifadə etdiyim tonal kremlərdən Bourjois-nın maye tonal kremindən razı qaldım. Mənimki açıq rəngli idi və dərimin nəfəs almasına imkan verirdi. Sadəcə, tonal kremlərdəki o qoxunu heç sevmirəm, Bourjois-nın bunda günahı yoxdu vallah:D bəlkə ona görə də bu tonal kremlərdə qərar tuta bilmirəm. Amma nə demək olar, 2010-un tonal krem gözəlçəsi bu oldu:)

Pudra: Elə də çox pudra istifadə etmədiyim üçün bu il ancaq Flormarın pudrası ilə Arezia dəstimin pudrasından istifadə etdim və Areziankından razı qaldım:D Flormarınkı üzdə maska kimi görünürdü. Arezianınkı isə daha xəfif və yüngüldü. Bu pudraya baxmaq üçün Arezia haqqında olan yazıma keçə bilərsiniz.


Ənlik: Həə, bax bu, başqa məsələ. Top ənlikləri çox sevirəm, çünki dərinin təbii rəngini gücləndirir və süni görünmürlər. Bu il həm terracotta, həm də top ənlikdə Golden rose ümidlərimi doğrultdu. Top ənlikləri yaxşı, təbii rəng verir, terracotta star dust ənliyi isə gecə makiyajımın ayrılmaz hissəsinə çevrilib. Golden rose terracotta ənliyi haqqında yazıma buradan baxa bilərsiniz.



Göz qələmi: karandaş kimi göz qələmlərinə üstünlük verənəm, çünki dərim yağlı olduğundan, maye qələmlər gözümdən axır (yəqin tanış mənzərədi xD). Odur ki, bu il çox fərqli markalarda göz qələmi istifadə etdim, ən xoşuma gələn - axmayan, daha çox qalıcı və gözü yandırmayan PUPA markasının 09 nömrəli qara göz qələmidi.  Digər ucunda isə çəkilən xətti yaymağa imkan verən fırça kimi başlığı vardır. Yeyib-yeyib sonuna gəlmişəm artıq yazığın :D Ondan sonra aldığım nə Flormar, nə Orifleym onu əvəzləyə bilmədi. Odur ki, 2010-un sevimli göz qələmi PUPA elan olunur :)


Tuş: tuşa gəlincə, yenə də fərqli marka tuşları sınaqdan keçirməyi sevirəm. Bu il Bourjoisdan tutmuş Flormara kimi çox markadan istifadə etdim, lakin İsaDora markasının Lash Booster Mascara qara tuşdan əl çəkə bilməyəcəyimi anladım. Bir ildən çoxdur ki (!) məndədi və artıq qatılaşmağa başlayıb və kirpiklərimi artıq yapışdırır (tuşu hər 4-5 aydan bir dəyişmək lazımdı, mənim kimi eləməyin O_o). Amma neyləyim ki, əlim gəlmir atmağa. İsaDora tuşunun bircə zərbəsi bəsdir ki, kirpikləri uzatsın və həcm versin. Ayırmağı da yaxşıdı. Fırçasının formasından da bunu görə bilərsiniz. Ən qısa zamanda İsaDora ehtiyatımı doldurmalıyam;) Hələlik dünən Maybelline-dən aldığım tuşu sınaqdan keçirəcəm, onun haqqında yeni yazımı gözləyin;)


Göz kölgəsi: Gözlərim ətli olduğundan, ümumiyyətlə, kölgədən az istifadə etməyə çalışıram, çünki kobud görsənir. Bu il ancaq Arezianın göz kölgəsi palitrasından və Orifleymdən aldığım qələm göz kölgəsindən istifadə etdim. İkisi də qənaətbəxş nəticə yaradır, amma Orifleymin Very me qələm göz kölgəsi mənim üçün yaradıldığından, ondan əl çəkə bilməyəcəyimi anladım:D Bu qələmin verdiyi rəng və işıq əsl istədiyim kimidir, qalıcılığı 6 saatdan çox olur və çəkilməsi rahatdır. Doymuram da bundan, neyləyim:D Məhdud buraxılış olmasına baxmayaraq, yenə onu çıxaracaqlarına ümid edirəm O_o 2010-un sevimli Orifleym qələmi haqqında burdakı yazımdan oxuya bilərsiniz.

Dodaq boyası: Ən sevdiyim mövzu:D Dodaq boyalarına gəlincə, nələrdən istifadə etmədim kiii! Stik pomadalardan 2010-un sevimlisi Oriflame Power Shine Festive pomadalarıdı. İndiyə kimi, bu qədər rahat çəkilən, işıq və rəngi çox gözəl verən və kobud qalmayan pomadam olmamışdı! Hər kataloqda mütləq bir dənə Power shine alıram:D Bu yazımda, Power Shine Festive haqqında oxuya bilərsiniz.

Dodaq parıldadıcısına gəlincə, 2010-da sevə-sevə istifadə etdiyim və dibinə daş atdığım yenə Bourjois Effect 3D Max parıldadıcılarıdı. Dünən YKM-də Bourjoislarda 50% endirim vardı, çox xərc elədiyimdən ala bilmədim, amma qısa zamanda cicilərə qovuşacam;)



Dodaq balzamı: Təbii ki, The Body Shopun dodaq balzamları 2010-cu ilin bir nömrəli balzamlarıdı! Düzdü, dodaqlarım çox qurumur, amma bu şirin dadlı, qoxulu və nəmləndirici balzamlar dodaqlarımı rahatlandırmağa və nəmli görünməyə imkan yaradır. TBS balzamlarını istifadə etdikdən sonra dodaq balzamı xəstəsi olacaqsınız:D TBS balzamları haqqında oxumaq üçün buraya tıqtıq;)

Dodaq kremi: Bourjois So Delicate dodaq kremini istifadə etməzdən qabaq, ümumiyyətlə, dodaq kreminin varlığından xəbərim yox idu. Xəfif rəng verən bu krem tutqun görünüş yaradır və dodaqları qurumaqdan qoruyur. Yenə də dibinə çatdığım bu dodaq kremi 2010-da istifadə etdiyim yeganə dodaq kremi olmasına baxmayaraq, sevimlimə çevrilə bildi;)



Bu da son:) 2010-cu ildə sevə-sevə istifadə etdiyim və əl çəkə bilmədiyim makiyaj məhsulları haqqında fikirlərimi sizlərlə bölüşdüm. Bəs sizin 2010-cu il sevimliləriniz hansılardı? 2011-də nələrdən əl çəkə bilməyəcəksiniz?:)

12/29/2010

Oriflame bazarlığı :D

Dararadaaam:D Mən gəldim, həm də nələrlə:D Niyəsə bu aralar Oriflame-ə yaman çox ilişmişəm. Bakıda demək olar ki, Oriflame-i tanımayan qadın yoxdu. Burda da ondan qaca bilmədim:D Gedib gəlib kataloqunu vərəqləyirəm. 1 ildən çoxdu ki, istifadə etmirdim, amma artan məhsul çeşidi çox xoşuma gəlir. Elə isə noyabrdan bu yana 12 və 13-cü kataloqlardan etdiyim 3-4 məhsul haqqında danışım, ilk svoçlarımı yerləşdirim:D

Ayaq kremi quru və təmiz ikən ayaqlara çəkiləndə nanə iyi ətrafı bürüyə-bürüyə yandırır ayaqları, qoxu yaranmasını ləngidir. Xoşuma gəldi bu xüsusiyyəti. Süngərlər isə adi süngərdi, heç nədən fərqi yoxdu:D

Solda gördüyünüz əcayib Oriflame tonal krem süngərlərinin yanında çəhrayı rəngli Oriflame Very Me metallik qələm kölgə, 50ml-lik Oriflame tərləmə əleyhdarı ayaq kremi, yanında 3 dənə pomada (Silky Kiss Beige Charmeuse, Power Shine Festive Golden Clover və Golden Pink) və Oriflame Very Me Double Trouble Night Glow göz qələmi)
Başlayaq, qələmlərdən. Gördüyünüz çəhrayı qələm göz kölgəsidi (?). Düzü, ilk dəfədi göz kölgəsini fırçasız, rahatlıqla dağıdıb eləmədən gözümə sürtürdüm:D nətər deyərlər, tənbəlin malıdı. Adi göz qələmi kimi çək çıx. Bunun mavi metallik olanı da var. Bu bitsin, ondan da alacam:D 13-cü kataloqda 8.90TL idi, qiyməti də uyğundu. Gələk, iki uclu qələmə. Çəkilməsi rahatdı, fərqli və ziddiyyətli baxış yaratmaq istəyənlər üçün əladı. Qiyməti 8.90 TL-di 13-cü kataloqda. Bu da svoçları (bilirəm, əyriş-üyrüşdü O_o):

Gələk, bir pomada manyakı olan mənim Oriflame seçimlərimə. Mən öldüm bu Power Shine Festive pomadalarından ötrü. Bu qədər rahat çəkilən, xoş qoxu və rəng verən pomada istifadə etməmişdim. Kefim əhvalım pozulanda çəkirəm ondan, vəssəlam:D Yemiş qoxusu çox xoşuma gəlir, rənglərini yaxşı verir və qızılı hissəcikləri var:D sanki, dodaq parıldadıcısıdı. Məndəkilər qızılı gavalı və qızılı çəhrayıdı. Bunların Power Shine adlı gümüşü hissəcikləri olan pomadaları da var, alıb baxmaq lazımdı. Amma heyif ki, ölçüləri balacadı, 1 aya qalmaz bitər məndə:( Mən aldıqlarımın qiyməti isə 13-cü kataloqda 8.90TL. Silky Kiss pomadası isə elə də xoşuma gəlmədi. Düzü, məndə yaxşı qalmır, otaqdakı qızların isə ürəyi gedir o pomadadan ötrü. Deməli, dodaqdan dodağa dəyişir görünüşü. Rəngi yaxşı verir, amma deyəsən, bu rəng mənə yaraşmır:D Qiyməti 13-cü kataloqda 13.90TL. Şəkillərdə soldan sağa Silky Kiss, Power Shine Festive Golden Pink, Power Shine Festive Golden Plum,  pomadaları və svoçlarıdı.





Diqqət! Bu göstərdiyim məhsullar Oriflame Türkiyə kataloqlarından alınmışdır. Buradan baxa bilərsiniz. Azərbaycan Oriflame kataloquna da internet səhifəsindən baxa bilərsiniz. Xoş bazarlıq diləyirəm;)