Səhifələr

3/06/2011

Cheapsmells.com həqiqətən ucuz iy verir :/

Mdaa... Minlərlə alıcısı olan cheapsmells.com saytını da sınaqdan keçirmək istədim. Nə Ankarada, nə də Bakıda tapılan, ucuz qiymətə marka çeşidinə sahib olan və İngiltərədə yerləşən bu onlayn kosmetika mağazası haqqında çox müsbət şərh oxumuşdum və nəhayət ki, hər şeyi burdan ala biləyəcəyim hissinə qapıldım, amma yanılmışam:/ 18 fevralda verdiyim sifariş 4 martda əlimə çatdı:




Qutunu nə qədər sıx bağlamağa çalışsalar da, krem makyaj astarım axıb qabını bulaşdırdı və bütün həvəsimi öldürdü. Tonal kremdən yanıqlı olduğumu bilirsiniz, bu səbəbdən, Stila SPF 15 müdafiəli rəngli nəmləndirici - Yalın (Bare), Mayfair Lələk Sonlu bərk pudra - orta yalınAura Kosmetikasından tonal krem astarı - çəhrayı çalarını almışdım. Göndərilmə məbləği ilə birlikdə, mənə 14.74 funt sterlinqə başa gəldi, hardasa, 16 manat edir.

Gördüyünüz sarı qutudakı Aura Kosmetikasından makyaj astarıdır. O qədər pis qablaşdırılıb ki, qapağını da bulayaraq axıb tökülüb. Həm də, bu qutunun da niyəsə şəffaf sellofanla bağlanmamasına təəccüb edirəm.



Teksturası da iyrəncdi və qəribə iy verir. Deyəsən, köhnə məhsuldu. Qapağını yuyub təmizləyəndə güclə yuyub çıxartdım, hətta əlimdə çəhrayı izlər hələ də qalmışdı. Fuuu!





Gördüyünüz isə Mayfair pudrasıdı. Yığcam pudraya ehtiyacım vardı və 2.45 funt sterlinqə olan bu pudranı qaçırmaq istəmədim, amma heyif... Təsvirində yazılana görə, xoş qızılgül iyi verməli idi, amma elə iyrənc qoxuyur ki, elə bil illərlə qalmış, iylənmiş ətirdi O_o bu qədər iyrəncini görməmişdim, onu necə üzümə vura bilərəm ki? Rəngi də bir ton açıqdı mənə görə...Təəssüf ki, bu məhsul da ümidimi doğrultmadı və zibil qutusuna gedəcək.


Bu üçündən ən babatı elə Stilanın rəngli nəmləndiricisi oldu. Rəngli nəmləndiricilər tonal kremə yaxşı alternativdi. Üzü mənim kimi yağlı/qarışıq olan xanımlar bu tip nəmləndiricilərlə üzlərini işıqlandırmadan, yağlı göstərmədən rahat makiyaj edə bilərlər. SPF-li olması da günəşin ziyanlı işıqlarından dərini qoruması deməkdir (üzümdəki ləkələrin məhz günəşdən qaynaqlandığını 2 gündür ki kəşf etmişəm. SPF-lilərə hücuuumm:D). Deyəsən, alsam-alsam, ancaq bu məhsulu alaram. Amma çətin ki, Cheapsmellsdən T_T

Beləcə, onlayn alışverişdə bu satıcıya bir quş qoyuruq. Mənim müşahidəmə əsasən, məhsulları köhnədi, ya da istifadə müddətinə az qalıb. Amma yenə də sınaqdan keçirmək istəsəniz, cheapsmells.com saytına baş çəkə bilərsiz. Həm Azərbaycana, həm də Türkiyəyə məhsul göndərir. Amma Gözəllik Salonunun tövsiyə etmədiyi saytların siyahısına (qara dəftər :D) daxil oldu :/

No comments: