Səhifələr

1/01/2015

2014-cü ilin sevimliləri

Yeni ildən yeni xəbərlərlə xoş gördük. Ümidvaram, hər kəs ürəyincə 2014-cü ili yola salıb Yeni ili qarşıladı. Beləcə, ilk ayın ilk gününün son saatlarında sizlərlə 2014-cü ilin sevimli məhsulları haqqında danışmaq istəyirəm.

Olduqca çox sevimlilərim olsa da, istifadə etmə tezliyimə, tərkibinə görə və "yenidən alacağam" dediyim top 5 məhsulu seçməyə çalışdım.

5. Victoria's Secret Sheer Love Body Butter - Victoria's Secret bədən yağlarının şöhrətini hər kəs bilir və mən də sınamaq üçün 2014-cü ilin başlarında tərəddüdlə aldım - çünki məlumdur ki, body butterlar olduqca yağlı ola və mənim kimi yağlı dərili insanı pis vəziyyətdə qoya bilər. Lakin gözləntilərimin əksinə, olduqca yüngül teksturalı bu bədən yağı qalıcı, mükəmməl zərif pambıq və zanbaq ətri ilə adamı valeh edir, gün ərzində özünü qoxulamaqdan əl çəkmirsən. Qiyməti endirimlə 10 dollara gəlib çıxırdı. Yaz gəlməmiş, yeni bir Victoria's Secret alış-verişinə hazırlaşıram = )



4. İnstitut Arnaud Beaute Pure aydınlaşdırıcı losyon tonik - Arnaud məhsulları hər il sevimlilərim siyahısına girir - 2010-cu il sevimliləri haqqında oxumaq üçün buraya baxa bilərsiniz - təsadüfən İdeal mağazalar şəbəkəsində kəşf etdiyim bu məhsulları hələ də istifadə edirəm. Bu il losyon-tonik ən sevimlimdir! Dərim qışda həssaslaşıb göynəyə bilir, odur ki, üzümü yuduqdan sonra bu toniklə silmək bəs edir ki, dərim təmiz hiss etsin və nəfəs alsın. Həm də qarışıq-yağlı dərilər üçün əladır, yağlılıq və ağırlıq hiss etmir. Arnaud ətri də narahat edici deyil. 21 AZN-ə İdealdan ala bilərsiniz (2014-də bu qiymətə idi ən azı =)


3. Skin79 Super BB Krem - Koreya məhsullarının ən çox tanınanı və istifadə olunanı deyərdim - BB krem. 2012-ci ildə Avropa markalarının BB kremlərini sınasam da, yağlılığı və süniliyi bütün həvəsimi öldürmüşdü. Keçən ilin əvvəlində Koreya markalarını sınamağa başladığımdan bəri tonal kremdən əl çəkmişəm :D Missha, Etude House və sonra Skin79 istifadə edərək, nəhayət Skin79 BB kreminin yağlı-qarışıq dərimə daha çox uyğun gəldiyini gördüm. 40 q-lıq bu BB krem dərini yağlandırmadan zərif rəng qatır, hamarlayır, SPF 25 ilə günəşdən qoruyur. Örtücülüyü xəfifdir, tonal krem funksiyası daşımır, tam örtük istəyirsinizsə, məyus ola bilərsiniz, amma hamar rəng qataraq üzü canlandırır. Yenidən alacaqlarım sırasındadır. Bu məhsulu Namu Koreya kosmetikası dükanından almışdım və qiyməti hardasa 23-24 AZN-dir. 6 aydan çoxdur ki işlədirəm və qurtarmağına az qalıb :( Gözlə, məni, Namu, yenə gəlirəm!


2. Raen Herbal Body Lotion ( Raen Bitkili Bədən losyonu) - təsadüf nəticəsində - vanil qoxusuna aşiq olduğum üçün - tapıb aldığım, markasını tanımadığım, amma tərkibi bitki mənşəli olduğu üçün pul verdiyim məhsul idi. Payız-qış aylarının əvəzedilməz qoxusu vanilli bu losyonu iyləyəndə vanil məcunu iyi hiss edirsən, sanki vanilli çay içirsən. Rəngi qəhvəyili bu xəfif losyon dərini nəmləndirir, çox yumşaltmır, yağlandırmır və ən əsası, dadı acı deyil! Hətta 1 gün ərzində bədəndə qalıcılığını sınamışam! Maraqlıdır ki, Türkiyədə istehsal olunur :) Bakıda təzəcə açılan onlayn mağaza - Modahadan 10 AZN-ə almışdım və gözüm hələ də ordadır ki, başqa qoxularını da alım = )


1. The FaceShop Face it dırnaq boyası - və ilin bombası! Gördüyüm anda vurulduğum dırnaq boyası idi və Koreya dəriyə qulluq dünyasına baş çəkdiyim vaxtlarda kəşf etmişdim. Mənim kimi istedadsız bir qız üçün əvəzedilməz olan, içində ağ və qırmızı ürək, dairə, ulduz olan bu dırnaq boyasını rəngi uyğun gələn istənilən dırnaq boyasının üstündən çəkəndə cansıxıcı boyanı həyəcana çevirir. Bunu istifadə etdikdə olduqca kompliment almışam = ) Qalıcılığı ortadır, 2 gün salamat qala bilər. Bu boya ilə bağlı ayrıca yazı yazacağım üçün daha ətraflı yazmıram. Yenə Namu Koreya kosmetika dükanından 4-5 AZN-ə tapmaq olar. Bu seriyanın bir çox başqa dizaynlı formaları da var və yeni yazımda onlarda da bəhs edəcəm!



Bəli, bu da son. Bu da 2014. Bəs sizin 2014-cü ildə sevərək istifadə etdiyiniz və doymadığınız məhsullar hansılardır?

No comments: