Səhifələr

1/03/2015

Saça qulluq - Frederic Fekkai Coiff

Dəriyə qulluq təkcə üz, bədən dərisinə yox, həm də saça qulluğa aiddir. Olduqca yağlı saç quruluşum olsa da, qışda quruyub haçalaşan, yayda isə hər gün tez yağlanan teksturası hərdən başımı qarışdırır = ) Odur ki, saçıma uyğun şampun və qulluq tapmaq çətindir. Sabit, daimi istifadə etdiyim şampun və qulluğumun olmaması qismən bununla bağlıdır. Hər dəfə yeni saça qulluq məhsulunu sınayıram, aşiq oluram, bəzən isə onu tez unuduram.

Bu dəfə şampun və kondisionerdən çox, saçı yuyub çıxandan sonrakı prosedurdan - balzam və tamamlayıcı kremdən danışacam. Son 5 aydır ki, bu balaca Frederic Fekkai ciciləri sevimlilərimə çevrilib.

Keçən il qışda endirim vaxtı Strawberrynetdən dəst kimi uyğun bir qiymətə (20 dollar civarı) aldığım Frederic Fekkai Coiff dedikləri saça qulluq məhsullarını çoxdandı sınamaq istəyirdim. Normal hallarda əl yandıran Fekkai saça qulluq vasitələrini bu qiymətə tapmaq möcüzə kimi idi!

Solda görünən Ütüsüz Düzləşdirici Balzam 47 ml ölçüdədir, teksturası yarımşəffaf, xəfif nəmləndirici qoxuya malikdir. Saçı yuyub dəsmalla quruladıqdan sonra fındıq boyda bütün saça - dibdən uca - çəkmək, fen darağı ilə fenləmək lazımdır. Bu günlərdə dağınıq saçıma yaxşı gələrək elektriklənməyi azaldır və daha hamar saç yaradır. Ütü fendən istifadəyə ehtiyac qalmır (üstündən ütülədikdə isə daha düz saç yaranır - məlumatınız olsun!) Tək mənfi cəhəti - əgər fenləməyib adi qurutduqda heç bir təsiri yoxdur, iysindən başqa = )

Sağdakı Sonlandıran Krem isə dəstin içində 30ml kimi gəlir və saçı bayaqkı kimi qurudub balzamla fenlədikdən sonra yenə fındıq boyda ancaq uclara vurmaq lazımdır ki formanı saxlasın. Elektriklənmənin qarşınısı alır və zərif saç iyi buraxır. Svoçları aşağıdakı kimidir.

Soldan sağa Ütüsüz düzləşdirən balzam, Sonlandıran krem

Soldan sağa Ütüsüz düzləşdirən balzam, Sonlandıran krem

Mənim kimi düz saç sevənlərə faydası toxuna bilər, təlimatlarda buruq saçları da olduğu formada saxlayacağı qeyd olunur, sınamaq olar.

Bu məhsulu, ümumilikdə yaxın 6 ayda yenidən almağı düşünmədiyim, amma digər Fekkai məhsullarını sınamaq ehtiyacı doğuran baxım hesab edərdim. Yay üçün yaramaz, çünki saçı tez-tez yumaq lazım gəlir və effektini itirəcəyinə əminəm. Son olaraq, aşağıdakı qutu formasında satılır, onun digər Elektriklənməyə qarşı olan kremini bacıma bağışladım, təəssüf ki, o haqda danışa bilmirəm.



Bəs sizin bu aralar ən çox istifadə etdiyiniz qış saça qulluq məhsulunuz hansıdır?

2 comments:

Shebnem Deniz said...

Salam.Azәrbaycan dilindә belә maraqlı vә faydalı bloq tapdığıma çoox sevinmişdim,amma sevincim boğazımda elә qalmışdı.çünki son postunuz bir neçә ilә dayanırdı.bu gün tәsadüfәn yeni postunuzu gördüm,çox sevindim.xoş gәlmisiniz.inanıram ki,faydalı postlar paylaşarsız.sizә çoxlu uğurlar.aradan çıxıb oyunbozanlık etmәmәk dilәyilә :))

Eva said...

Salamlar, Şəbnəm. Xoş sözlərinizə və dəstəyinizə görə minnətdaram. Bəli, təəssüf ki, ötən 3 il ərzində Gözəllik salonumu boş buraxmışdım, indi isə yeni məhsul və çeşidlərlə, yeni rəylərlə burdayam. Yazılar haqqında rəylərinizi də mütləq gözləyəcəm = ) Hələlik!