Səhifələr

5/27/2011

Ətir təqdimatı: Chloe EDP

Əzizlərim, razılaşdığımız kimi, səs çoxluğu sırası ilə ətirlərin təqdimatına davam edirəm və bu həftə ətir kolleksiyamın ən bahalı ətri Chloe şirkətinin 2008-ci ildə buraxdığı Chloe EDP iləyik. Eau de Perfume olduğundan olduqca qalıcı olan bu ətrin məndə xoş xatirəsi var: qışda Bakıya qayıdarkən bacımın Yeni il hədiyyəsidir, elə aeroportdaca üstümə fısqırıb aşiq olmuşdum bu qoxuya. Gələk əvvəl görünüşünə:

Gördüyünüz kimi qutusunu da saxlayıram, çünki bu ətrimi digərlərindən ayrı, gizli bir küncdə tuturam ki, gözümdən uzaq olsun, yoxsa elə hey istifadə edərəm. Krem rəngindəki lentalı bu ətri boynuna şərf dolamış xanıma bənzədirəm. Eleqant bir şüşəsi var və istifadəsi rahatdı.
Rəsmi məlumata görə:
Gündüz istifadəsi üçün yaradılmış, hər kəsin signature ətri ola biləcək bir qoxudur.
Üst notlarda: pion, frezya, liçi
Orta notlarda: qızılgül, vadi zanbağı, Karib maqnoliyası
Alt notlarda: kəhrəba və Virciniya sidri.
Mənim fikrimcə: bu ətir mənə məsumluğu, eyni zamanda da qadınlığı, şəhvəti xatırladır. Hər dəfə bu ətri qoxulayanda gözlərim avtomatik yumulur və bütün günü özümü iyləyə-iyləyə qalıram. Yumşaq, təravətli, hər fəsil istifadə oluna biləcək yeganə ətirdir məncə. Gündüz istifadə üçün nəzərdə tutulsa da, mən bunu çoox xüsusi günlərimdə, xüsusən, axşamlar istifadə edirəm. Qiyməti baha olduğundan qıya bilmirəm gündəliyə salmağa :) 10 metrdən tanına biləcək nadir bir ətirdir. Əgər bir ətirdə şirinlikdən daha çox, saflıq, yumşaqlıq, məsumluq, eyni zamanda özünə inam axtarırsınızsa, Chloe EDP sizin üçündür. Qızılgülün qoxusu xəyal-məyal hiss olunur.


Bu ətir digər Chloe ətirləri ilə maraqlanmağıma səbəb oldu. Bakıya gedən kimi cumacam İdeala :D Chloe EDP 30, 50 və 75 ml-lik mövcuddur. Qiymətinə gəlincə, məndəki 75 ml-in İdealda qiyməti 123 AZN/246 YTL, strawberrynetdə 125.50 ABŞ dollarıdı. Sizə orijinal TV reklamı ilə baş-başa buraxıram:) Əgər siz də Chloe-nin hansısa ətrini istifadə edibsiniz və məsləhət görərdinizsə, mütləq mənə şərh yazaraq bildirin. Aşiqəm buna!

No comments: